AFFA-nın Məşqçilər komitəsinin üzvü Şakir Qəribov təxminən 11 il bundan öncə baş tutmuş matça dair xatirələrini bölüşüb. Həmin matçda onun rəhbərlik etdiyi futbol üzrə Azərbaycan yığması (U-17) Ermənistan komandasını 3:0 hesabı ilə darmadağın etmişdi.
Oxu.Az xəbər verir ki, matç Avropa-2006 çempionatının təsnifat mərhələsi çərçivəsində baş tutmuşdu. Bizim qrupun oyunları İsraildə keçirilirdi.
“Vəziyyət çox gərgin idi. Müstəqillik əldə etdikdən sonra ermənilər ilə qarşı-qarşıya gəldiyimiz ilk oyun idi. Təzyiq yüksək idi. Bu matçdan hələ 6 ay öncə hamı necə oynayacağını düşünürdü.
Özümə inanırdım. İnanırdım ki, qalib gələcəyik. Nəticədə yekun bizim xeyrimizə oldu. Bu ən yadda qalan oyunlardan biridir. Matçdan sonra mənə çox insan zəng vurub təbrik edirdi.
Bir epizodu danışmaq istəyirəm. Matçdan sonra Ermənistan yığmasının baş məşqçisi çox qəzəbli olsa da məni təbrik etdi və futbolçularımızı da təbrik etmək üçün icazə istədi.
Mən etiraz etmədim. O, bizim soyunma otağımıza girib, hər bir futbolçumuzun əlini sıxaraq, yaxşı oyun münasibətilə təbrik etdi”- Şakir Qəribov AFFA-nın saytına verdiyi müsahibəsində deyib.
F.H.
www.oxu.az