"Fənərbağça"nın sabiq futbolçusu Mixal Kadleç İstanbul təmsilçisindəki idarəçilik sistemini tənqid edib.
Oxu.Az xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu yüksək büdcəyə malik olmasına baxmayaraq, "Fənərbağça"da idarəçiliyin peşəkar səviyyədə olmadığını bildirib.
"Fənərbağça"nın çoxlu pulu olmasına baxmayaraq, hər şeyin həvəskar səviyyəsində idarə olunduğunu həmişə deyirdim. Klubun konkret konsepsiyasının olmadığı açıq-aydındır. Xarici baş məşqçi müəyyən planla gələndə isə bir neçə məğlubiyyətdən sonra onu istefaya göndərirlər", - deyə Kadlets bildirib.
Çexiyalı futbolçu İstanbul klubunda çıxış etdiyi dövrdə maaşların ödənilməsi ilə bağlı da problemlərin olduğunu söyləyib:
"Maaş bəzən vaxtında ödənilirdi, bəzən isə iki ay ərzində heç bir ödəniş edilmirdi. Daha sonra bütün məbləğ birdən köçürülürdü".
Kadleç "Fənərbağça"da qalmaq qərarına təsir edən amillərə toxunarkən maliyyənin əsas səbəb olmadığını vurğulayıb:
"Məsələ pul olsaydı, "Fənərbağça"da qalardım".
Qeyd edək ki, Mixal Kadleç 2013-2016-cı illərdə "Fənərbağça"da çıxış edib. O, hazırda futbolçu karyerasını Çexiyanın "Dolni Nemçi" klubunda davam etdirir və eyni zamanda? "Slovatsko"da inzibati vəzifədə çalışır.