15-18 noyabrda BƏƏ-nin Dubay şəhərində WFM (World Federation of Elite Martial Arts) versiyası üzrə dünya çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, 32 dövlətin idmançılarının qatıldığı bu yarışda Azərbaycan 12 nəfərlə təmsil olunub.
Onlardan Free Contact K1 versiyası üzrə döyüşən İbrahim Məmmədov (-68 kq), Elçin Qurbanzadə (-85 kq) və Şahin Mahmudov (+90 kq) qızıl medal qazanıb. Həmçinin Free Fighting-də (Budo) Əfqan Hüseynov (-66 kq) və Full Contact MMA-da döyüşən İlkin Səfərov (-85) da I yerə çıxıb.
Daha üç idmançımız isə bürünc medal qazanıb. Emin Kərimov (-81 kq), İqbal Əzimov (-56 kq) və Xəyal Cəmilbəyli (-77 kq) bürünc medala layiq görülüb. İlk idmançı K1-də, son iki idmançı MMA-da qüvvəsini sınayıb.
Qeyd edək ki, üç qızıl medal qazanan idmançımızdan İbrahim Məmmədovla İlkin Səfərov Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Səfərov mayor, Məmmədov isə Çevik Polis Alayının çavuşudur. Şahin Mahmudov isə Dövlət Miqrasiya Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisidir, eyni zamanda, əməkdar idman ustasıdır.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər