Futbol üzrə Kabo-Verde millisinin kapitanı, hücumçu Rayan Mendeş braziliyalı qadına qarşı zorlama şübhəsi ilə istintaq altındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "GE" nəşrinə istinadən məlumat yayıb.
Araşdırmanı hadisənin baş verdiyi Yeni Zelandiya polisi aparır. Kabo-Verde yığması 2026-cı ilin martında Yeni Zelandiyada olub. Braziliyalı qadın isə Kabo-Verde komandası üçün tərcüməçi kimi Yeni Zelandiya Futbol Federasiyası ilə müqavilə əsasında işləyib.
Zərərçəkmiş iddia edir ki, Mendeş onun otağına daxil olub, ona hücum edib, müdafiə olunmağa çalışdığı zaman onu boğub, döyüb və dişləyib, daha sonra isə zorlayıb.
Mendeş 2026-cı il dünya çempionatında üç oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb. 1/16 final mərhələsində Kabo-Verde Argentina ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək.