Futbol üzrə Kot-d'İvuar millisinin hücumçusu Elye Vai Kanada vizasını ala bilmədiyi üçün dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kot-d'İvuar Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl bildirilmişdi ki, Vai turnirin başlamasına iki həftə qalmış oyun nəticələrinin manipulyasiya edilməsi (danışılmış oyunlar) şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. O, dindirildikdən sonra sərbəst buraxılsa da, araşdırmalar davam edir.
"Bu günədək Kot-d'İvuar Futbol Federasiyasına Vai ilə bağlı hər hansı məhkəmə və ya inzibati prosedur barədə rəsmi məlumat daxil olmayıb. Qurum oyunçuya dəstəyini ifadə edir. Müvafiq icazələri ala bilmədiyi üçün o, Kanadaya səfər edə bilməyəcək və ABŞ-də qalacaq", - deyə federasiyanın açıqlamasında bildirilir.
23 yaşlı Vainin transfer hüquqları Almaniyanın "Ayntraxt" klubuna məxsusdur. Hücumçu dünya çempionatının qrup mərhələsinin ilk turunda Ekvador millisinə qarşı keçirilən və Kot-d'İvuarın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda start heyətində meydana çıxmışdı.
Qrup mərhələsinin ikinci turunda Kot-d'İvuar millisi Almaniya yığması ilə qarşılaşacaq. Görüş iyunun 20-də Torontoda keçiriləcək.
Beləliklə, Elye Vai Kanada vizasını ala bilmədiyi üçün dünya çempionatının oyununu buraxacaq ikinci futbolçu olub. Daha əvvəl analoji problemlə Qana millisinin yarımmüdafiəçisi Tomas Parti də üzləşmişdi.