Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə qarşılaşma barədə fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, mütəxəssis Litva mətbuatına müsahibəsində Azərbaycan millisinin reytinqdə daha yuxarıda olmasına baxmayaraq, bunun həlledici amil olmadığını bildirib.
"Azərbaycan millisi reytinqdə bir az yuxarıda olsa da, düşünürəm ki, bunun o qədər də əhəmiyyəti yoxdur. Məncə, zehni, fiziki və taktiki cəhətdən daha yaxşı hazırlıqlı olan komandalar qalib gələcəklər", - deyə Yankauskas bildirib.
Litva millisinin baş məşqçisi Azərbaycan futbolunda klub və milli komanda arasında prioritetlərin fərqli olduğunu düşünür:
"Azərbaycan yerli oyunçu qaydasından imtina etdi və klubları Çempionlar Liqasına çıxdı. Bəs orada nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün hansı tələblər var? Düşünürəm ki, orada prioritet klub futboludur. Görünür, milli komandaya böyük təzyiq yoxdur. Onların seçdiyi yol budur. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Burada milli komandaya qarşı təzyiq, tələblər və gözləntilər daha yüksəkdir.
Mənə elə gəlir ki, əsas məqsədimiz yerli oyunçularımız olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır. İnanıram ki, bu, milli komanda və Litva futbolu üçün müsbət təkan olardı".
Yankauskas "Sabah"ın litvalı baş məşqçisi Valdas Dambrauskasın Azərbaycandakı uğurundan da danışıb.
"Əlbəttə, Valdasın nailiyyəti möhtəşəmdir. Bunu oyunçunun elit çempionatda elit komandaya düşməsi ilə müqayisə edərdim. O, hər şeyin real olduğunu, bunun nağıl olmadığını göstərdi. Bu, bir faktdır. Valdas bunu etdi. Bir daha sübut etdi ki, o, əla mütəxəssisdir.
Komandanın gücü vacib olmaya bilər, amma düzgün istiqamətdə işlədikdə, klub rəhbərliyi ilə yaxşı uyğunlaşma olduqda, bu cür məqsədlərə nail olmaq mümkündür. Bəlkə də, şəxsi söhbətimiz olacaq, bəlkə də, bəzi fikirlərini bildirəcək. O, komandamızı çox dəstəkləyir və yəqin ki, bizim üçün faydalı ola biləcək detalları gizlətməyəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında sentyabrın 27-də səfərdə Litva ilə qarşılaşacaq.