İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın “Palmeyras” klubunun müdafiəçisi Yeri Minanı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kolumbiyalı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.
“Barselona” artıq yeni transferinə qiymət də qoyub. Belə ki, hansısa klub onu Kataloniya təmsilçisindən qoparmaq istəsə, buna görə 100 milyon avrosundan keçməlidir. La Liqa nəhəngi özü isə Minaya görə “Palmeyras”a 11,8 milyon avro transfer haqqı ödəyib.
Karyerası ərzində “Palmeyras”dan başqa, “Santa Fe” və “Deportivo Pasto” klublarının da şərəfini qorumuş müdafiəçi, 2016-cı ildən Kolumbiya millisinin üzvüdür. O, yığmada keçirdiyi doqquz oyunda üç qola imza atıb.
Qeyd edək ki, Mina elə bu transferlə artıq “Barselona”nın tarixinə düşüb. Belə ki, o, Kataloniya klubunun heyətinə qatdığı ilk kolumbiyalı futbolçudur.
Xatırladaq ki, bu, “Barselona”nın qışda transfer etdiyi ikinci futbolçudur. Kataloniya təmsilçisi daha əvvəl “Liverpul”dan Filippe Koutinyonu transfer etmişdi.
S.T.
www.oxu.az