Motosikletçilər Sem Noton və Mauro Ponçini Men adası Qran-prisinin təsnifat mərhələsi zamanı həyatlarını itiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə 29 yaşlı isveçrəli motosikletçi Mauro Ponçini çərşənbə axşamı baş tutan ikinci təsnifat sessiyasında qəzaya uğrayaraq ölümcül xəsarətlər alıb.
Çərşənbə günü isə sözügedən yarışda ikinci dəfə iştirak edən 37 yaşlı britaniyalı Sem Noton vəfat edib.
Men adası Qran-prisinin təşkilatçıları pilotların təsnifat mərhələsi zamanı baş vermiş insidentlər nəticəsində həlak olduqlarını təsdiqləyiblər. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.