“Qarabağ” – “İnter” oyununda hakimin səhvinə görə qələbəmiz əlimizdən alındı.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz ümid edirik ki, UEFA Azərbaycanın bu uğurunu təsdiq edəcək və hakimin səhvini qeydə alacaq. Biz dekabrın 15-də Liona püşkə getməli idik. Mən həmin günü həsrətlə gözləyirdim. Amma alınmadı”, - deyə o əlavə edib.
Daha sonra çıxış edən AFFA Hakimlər Komitəsinin rəhbəri Xəqani Məmmədov bildirib ki, o epizodu üç hakim qeydə alıb.
"Amma nədənsə onlar səhvə yol verdilər. Hər şey hakimin gözü önündə baş vermişdi. Leroy Corc hətta ofsaydda olsaydı, bu qol sayılmalı idi, çünki Leroy topa toxunmamışdı”.
Xəqani Məmmədov daha sonra bildirib ki, bu sadə bir epizod idi. “Amma hakim qərəzli mövqedən çıxış etdi. Hakimlər mütləq cəzalandırılacaq. UEFA qərar qəbul etsə, onlar bütün oyunlardan kənarlaşdırılacaqlar,” deyə o əlavə edib.
Oyunun təkrar keçirilib-keçirlməməsi ilə bağlı X.Məmmədov bildirib ki, matç iki halda təkrar oynanıla bilər:
“Bu yalnız saxta oyunçu meydana buraxılanda və ya iki sarı vərəqə veriləndən sonra qırmızı vərəqə verilməyəndə mümkün ola bilər”.
Tahir Gözəl isə öz növbəsində deyib:
“Biz istəyirik bilək ki, “Qarabağ” “İnter”i udub”.
Elvin Əhmədov
www.oxu.az