"Real Madrid" klubunun sabiq futbolçusu Raul Qonzales klubun gənclərdən ibarət komandasının baş məşqçi postunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kral klubu"nun Mətbuat Xidməti məlumat yayıb.
"Klubumuzun və dünya futbolunun tarixində ən böyük əfsanələrdən birinin bizim gənclərdən ibarət klubumuza rəhbərlik etməsi "Real Madrid" üçün böyük iftixar idi. O, "Real Madrid"in bütün dəyərlərinin parlaq nümunəsidir. Raul bütün "Real Madrid" azarkeşlərinin qəlbində əbədi qalacaq və "Real Madrid" hər zaman onun evi olacaq. Raula və onun ailəsinə həyatın bu yeni mərhələsində ən gözəl şeylər arzulayırıq", - deyə klubun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Məlumat üçün əlavə edək ki, 47 yaşlı Raul Qonzales 1994-2010-cu illərdə "Real Madrid"də çıxış edib.