Həftəsonu səslənən ən yaxşı sitatları seçərək nəzərinizə çatdırırıq.
Oxu.Az Bakı Şəhər Halqasına istinadən məlumatı təqdim edir.
Maks Ferstappen, Red Bull Racing (1-ci yer): “Bu, cox inanılmaz bir hissdir”, deyə Ferstappen sevincini paylaşdı. “Əlbəttə, qələbə qazanacağımı gözləmirdim. Mercedes komandasının iki pilotu toqquşduqdan sonra podiuma çıxmaq şansım artmışdı, lakin buna baxmayaraq, yarışın sonunda finişə birinci gəlməyim inanılmaz idi. Formula 1-də Niderlandın ilk dəfə səslənən milli himnini dinləyərkən atamı xatırladım və həmin an onun ağladığını eşitdim – bu hissi ifadə etmək çətindir. Atam öz vaxtını mənim gələcəyimə həsr edib, odur ki, bu qələbə həm də onun sayəsində reallaşdı.
Yarış zamanı həyəcan keçirmirdim, əsas hədəfim diqqətimi cəmləmək və bacardığım qədər yaxşı nəticə göstərmək idi. Bizim başlıca məqsədimiz təkərləri yarışın sonunadək effekktiv saxlamaq idi, cünki sonuncu pit stopdan sonra qarşıda hələ 32 dövrə var idi. Yarışın sonuna 5 dövrə qaldığı zaman Kiminin sürətinin bir qədər azaldığını gördüm. O, müəyyən qədər cəhd göstərsə də, bu cəhdlər təkərlərin sıradan çıxmasına gətirib çıxardı. Həmin an artıq öz-özümə “Təkərlərinə diqqət et və bolidi finişə çatdır”, deyərək yarışa davam etdim.
Bu qələbəmi heç zaman unutmayacam, çünki bu anı yaşamaq möhtəşəm hissdir. Mən bu hissləri sözlə ifadə edə bilmirəm. Podiuma çıxan heyət kifayət qədər maraqlı idi, hətta bir zamanlar, Kimi atama qarşı yarışmışdı. Finiş xəttindən sonra tamaşaçılara o qədər əl yellədim ki, bir qədər qıcolma keçirdim, amma bu da yarışların ayrılmaz hissəsidir”.
Daniel Rikkardo, Red Bull Racing (4-cü yer): “Bu gün qarışıq hisslər keçirdiyimi qeyd etmək istəyirəm. Bir tərəfdən, müəyyən qədər uğursuzluq yaşadım, öndə olmağıma baxmayaraq, üç pit-stop etməli oldum və buna görə də üç bolid önə buraxdım. Bu, mənim üçün o qədər də asan olmadı. Sonuncu pit-stopdan sonra Seb artıq önə keçmişdi, ona görə də onu keçmək üçün ötmə etməyə məcbur oldum. Yarışa bir daha nəzər salanda, üç pit-stopun düzgün olmadığı qənaətindəyəm, lakin görünür ki, yarış zamanı bu strategiyanın komanda üçün daha məqbul olduğunu düşünüblər.
Dördüncü mövqedə olduğumla barışmadığım üçün Fetteli ötməyə cəhd göstərdim, irəli sıçradım, lakin bu taktika bir işə yaramadı. Podiuma çıxa bilməmək məni məyus etsə də, yarışın sonunda təkərin partlamasına görə cəhdlərimin puça çıxması məni daha da incitdi. Maksın bu gün ilk yarışda qələbə qazanması onun üçün böyük hadisədir, odur ki, onu təbrik edirəm. O, öz işinin öhdəsindən məharətlə gəldi və həftə ərzində komandanın qərarını sorğu-sual edənlərə yüksək səviyyəli pilot olduğunu sübut etdi.
Maksı podiumda təsəvvür etmək mənim üçün çətin deyil, sadəcə, özümün orda olmamağı mənə pis təsir edir. Ümid edirəm ki, növbəti yarışda hər ikimiz podiuma çıxacağıq, odur ki, artıq diqqətimizi Monakoya yönəltməliyik”.
Kristian Horner, Red Bull Racing komandasının rəhbəri: “Bu gün Maks Ferstappen üçün çox əlamətdar gündür. O, bu gün komanda ilə debütü zamanı nümunəvi yarış sərgiləyərək Formula 1 tarixinə ən gənc pilot kimi düşdü. Mercedes pilotları arasında birinci dövrədə baş verən qəzadan sonra biz xal qazanmaq üçün əlverişli mövqeyə çıxdıq, lakin sürətli yarış bolidlərinə malik olan Ferrari pilotlarını ötmək bizə hər zamankı kimi çətinlik törədirdi. Yarış zamanı bəzi mürəkkəb qərarlar verməli idik, belə ki, önə çıxmaq üçün bizdən komandamıza iki və yaxud üç pit-stopun daha məqsədəuyğun olacağını müəyyən etmək tələb olunurdu. Odur ki, hər bir pilot üçün fəqrli strategiya seçməli olduq.
İki pit-stopla məhdudlaşmaq düzgün qərar idi, bununla belə, Maks sonda bolidin təkərlərini dəyişdirərək və heç bir yanlışlığa yol verməyərək möhtəşəm qələbə qazandı. Yarışın sonunda Danielin bolidinin təkərləri daha yaxşı vəziyyətdə idi və fikrimcə, finişə bir neçə dövrə qalmış təkər partlamasaydı, o da podiuma çıxa bilərdi. Bütün bunlara baxmayaraq, podiumun ən yüksək pilləsində olmaq sevindirici haldır və artıq qarşıdakı yarışlar barədə düşünməliyik”.
Luis Hamilton, Mercedes AMG Petronas: “Poul mövqeyindən yarışa yaxşı başlasam da, birinci döngəyə çatarkən arxadakı bolidin məni yaxından izləməsi nəticəsində liderliyi əldən verdim. Üçüncü döngədən çıxarkən sürətlə Nikoya çatmağa çalışırdım və bu zaman sağdakı boşluqdan istifadə edərək ötməyə cəhd göstərdim. Nikonun bolidi ilə yanaşı mövqeyə çatdıqda otluğa tərəf çəkilərək onu ötməyə çalışdım. Ötmə üçün münasib boşluq mövcud idi və əgər sən F1 yarışında iştirak edirsənsə, bu fürsətdən istifadə etməli olduğunu bilməlisən. Ondan sonra baş verənləri hamımız izlədik. Bu gün ən çox komandamızın 43 xalı itirdiyinə görə üzülürəm və məyus olmuşam. Biz hamımız eyni məqsəd uğrunda yarışırıq və bunun üçün komandamız mənə lazım olan bütün dəstəyi verib. Çınqıl yola çıxaraq yarışı dayandırdığım an düşündüyüm tək bir şey - komandanın səylərini boşa çıxartmağım idi və buna görə həddindən artıq üzüldüm. Amma biz mövsümə birlikdə davam edərək Monakoda daha güclü yarış nümayiş etdirəcəyik”.
Niko Rosberq, Mercedes AMG Petronas: Mən yarışa yaxşı başlamışdım və birinci döngədə Luisi geridə buraxaraq liderlik uğrunda mübarizəyə böyük coşğuyla qoşulmuşdum. Həmin məqamda bu mövqe, mənim qələbəm idi. Üçüncü döngədən çıxarkən mühərriyin açarının düzgün mövqedə olmaması səbəbindən yanlış rejimin seçildiyini və mühərriyin gücünün azaldığını hiss etdim. Luisin bolidi mənə çatırdı, odur ki, bolidi mümkün qədər cəld şəkildə sağ tərəfə çəkərək boşluğu qapatmağa və onu bu hərəkətdən daşındırmağa çalışdım. Buna baxmayaraq, Luisin bolidi sağdakı boşluğa sürməsi mənim üçün çox təəccüblü oldu. Ondan sonra xatırladığım tək şey hər ikimizin çınqıllı yolda ilişərək qalmağımız oldu. Mən tək özümə görə deyil, komandamıza görə də məyus olmuşam və bu, bir pilot kimi yaşadığım ən arzuolunmaz hissdir”.
Toto Volf, Mercedes-Benz Motorsport komandasının rəhbəri: “Ötən iki həftə qələbə qazanmaq üçün gərgin rejimdə çalışdıqdan sonra yarışı xalsız tərk etmək mənim üçün çox üzücüdür. Fikrimcə, baş verən hadisə ön mövqeyə yiyələnmək uğrunda pilotların apardığı mübarizənin nəticəsində meydana gələn yanlışlıq idi. O səbəbdən mən pilotlardan hansısa birini günahlandırmaq fikrindən uzağam. Həm Luis, həm də Niko çox məyusdular. Biz dəqiq olaraq nəyin baş verdiyini müəyyən etmək üçün onlarla söhbət etdik, fotoşəkillərı və məlumatları araşdırdıq. Pilotlara istədikləri kimi mübarizə aparmağa imkan verərkən bu kimi hadisələr qaçılmaz ola bilər. Bütün bunlara baxmayaraq, biz fikrimizdə qəti surətdə qalırıq – qəzalardan heç kim sığortalanmayıb.
Bu gün baş verən hadisə nəticəsində sanki bütün komanda yarışı çınqıllıqda başa vurdu, lakin bizim yarışdan gözlədiyimiz nəticə bu deyildi. Hər iki pilotumuz həftəsonu yarışlarına hazırlaşarkən komandanın böyük əmək sərf etdiyinin və onlardan nəyin tələb olunduğunun fərqindədir. Ötən illər ərzində komandamız püxtələşib, odur ki, bundan sonra irəlidəki yarışlar barədə düşünməli və Monakoda öz mövqeyimizi geri qaytarmalıyıq. Maks haqqında da bir-iki kəlmə qeyd etmək istərdim. Bizim üçün uğursuz keçən yarışda o, idman möcüzəsini gerçəkləşdirdi. Onu bu münasibətlə təbrik edirəm və bu qələbənin onun Qran Pridəki qələbələrindən sadəcə birincisi olduğunu düşünürəm”.
Sebastian Fettel, Scuderia Ferrari (3-cü yer): Bu gün yarışda qələbə qazanmağım üçün böyük fürsət yaranmışdı, odur ki, bu fürsətdən faydalanaraq nəzərdə tutduğum kimi, ön mövqeyə çıxmağa çalışırdım. Lakin bu ümid sonuncu pit-stopa kimi davam etdi. Sonuncu pit-stopdan sonra nisbətən təzə olan təkərlərimlə yarışa davam edən zaman məndən daha öndə olan rəqiblərimdən üstün mövqeyə yiyələnmək üçün sürətimin kifayət qədər çox olmadığını başa düşdüm.
Biz orta yumşaqlığa malik təkərlərlə yarışmağa çətinlik çəkirdik və Red Bull komandasının bu cəhətdən böyük üstünlüyə malik olduğunu bilirdik. Ona görə də, Kimi və mən ötməyə cəhd etmədən yumşaq təkərlərlə öv mövqeyimizi qorumağa çalışırdıq. Nəhayət, yarışın gedişatı zamanı hər ikimiz fərqli strategiya seçməli olduq. Bu zaman mən üç pit-stoplu strategiya ilə yarışaraq liderə müvəffəqiyyətli şəkildə həmlə etdim.
Biz hamımız qəbul etməliyik ki, bolidin yarış tempi aşağıdır. Bolidlə bağlı heç bir problem yaşamadım – o yaxsı vəziyyətdədir, komandamız var gücüylə çalışır.
Ferstappeni təbrik edirəm. İlk qələbə həmişə unudulmaz olur və xüsusi əhəmiyyət kəsb edir. “Şapkalı” Maks Kiminin təzyiqinə baxmayaraq, yarışda birincilik qazanmağı bacardı”.
Kimi Raykkonen, Scuderia Ferrari (2-ci yer): “Mənim yarışdakı startım zəif oldu, belə ki, sükanın altındakı ilişmə muftasını buraxarkən təkərlər həddən çox fırlandılar. Amma bir neçə döngədən sonra mövqeyimi bərpa edərək, Maksa asanlıqla yaxınlaşdım. Bolid yaxşı vəziyyətdə idi və eyni zamanda, sürəti qaydasına düşmüşdü. Lakin bir bolidi ardıcıl olaraq bir neçə dövrə təqib etdikdə, bu təkərlərə mənfi təsir göstərir. Bundan əlavə, müəyyən qədər yerə yatma qüvvəsi və asfaltla ilişmənin çatışmazlığı özünü göstərirdi. Rəqibi daha yaxından təqib etmək üçün səy göstərdim, amma son döngələrdə çox sürətli olduğu üçün ona həmlə etməyi bacarmadım. Qələbəyə bu qədər yaxın olarkən onu əldən vermək bir qədər məyusedicidir, lakin eyni zamanda gərgin keçən həftəsonunda əldə etdiyimiz nəticə bizi müəyyən qədər sevindirir.
Bir komanda olaraq çox gərgin şəkildə çalışaraq qalib olmağa, bacardığımız qədər mübarizə aparmağa cəhd göstərdik. Bugünkü yarışdakı kimi çətin vəziyyət meydana çıxsa belə, biz xal yığaraq qələbə qazanmalıyıq. Maks qələbəyə layiqdir, odur ki, onun qələbəsi mənim üçün sürpriz olmadı”.
E.Ə.
www.oxu.az