"Barselona" futbol klubunun müdafiəçisi Erik Qarsiya La Liqanın dördüncü turu çərçivəsində "Valensiya"ya qarşı keçirilən matçda komanda yoldaşı Rodri ilə toqquşaraq burnunu sındırıb.
Oxu.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın səfərdə "Valensiya"ya qarşı oyununda künc zərbəsi yerinə yetirilərkən yarımmüdafiəçi Rodri qarışıq vəziyyətdə Qarsiyanın üzünə zərbə endirib. Üzü qana bürünən müdafiəçi matçı davam etdirə bilməyib və onu meydanda Jül Kunde əvəzləyib.
Məlumata görə, Qarsiyaya burun sümüyünün sınığı diaqnozu qoyulub. Yaxın vaxtlarda klubun həkimləri futbolçunun cərrahi müdaxiləyə ehtiyacı olub-olmadığına qərar verməlidirlər.
Qeyd edək ki, bu, Qarsiya üçün təkrarlanan zədədir - o, analoji burun sınığını 2025-ci ilin noyabrında Çempionlar Liqasında "Brügge" ilə qarşılaşmada (3:3) almışdı. Həmin vaxt əməliyyata ehtiyac qalmamışdı və o, bir müddət xüsusi qoruyucu maska ilə çıxış etmişdi.
Qeyd edək ki, 2026/27 mövsümündə Qarsiya "Barselona"nın heyətində çıxdığı üç matçda hələ ki, heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Kataloniya təmsilçisi növbəti oyununu sentyabrın 9-da Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində "Feyenoord"a qarşı keçirəcək.