Mercedes AMG pilotu Niko Rosberq ilk 2 yarışda olduğu kimi, yenə qalib gəldi. Bu, onun ardıcıl 6-cı qələbəsidir. O, növbəti yarışda – Rusiya Qran Prisində də qalib gələrsə ardıcıl 7-ci qələbəsini qazanacaq və Mixael Şumaxerlə Alberto Askariyə çatacaq. Bu statistikada ən yaxşı göstərici isə ardıcıl 9 qələbə ilə Sebastyan Fetteldədir.
Oxu.Az BŞH istinadən xəbər verir ki, Mercedes AMG-nin konstruktorlar kubokunda xal fərqini bir qədər də artırdığı, Red Bull-un isə Ferrari-yə demək olar ki, çatdığı yarışda nələr oldu?
Yarışın startı və ilk dövrələr
Start düzülüşü yarışın maraqlı keçəcəyindən xəbər verirdi. Lyuis Hamiltonun yarışa ən arxadan başlamasını qeyd etmək kifayətdir. Start verildi və Red Bull-un pilotu Daniel Rikkardo Niko Rosberqi üstələyərək ilk döngəyə 1-ci girdi. Amma əsas hadisələr bir qədər geridə baş verdi. Daniil Kvyatla toqquşmamaq üçün maşını bir qədər sola çəkən Sebastyan Fettel komanda yoldaşı Kimi Raykkonenlə toqquşdu və nəticədə hər iki maşın zədələndi. Amma insidentlər bundan ibarət olmadı. Sauber komandasının sürücülərindən Markus Erikson Roman Qrojanın, Felipe Nasr isə Luis Hamiltonun ön qanadını sındırdı. Hər iki pilot ilk dövrənin sonunda pit-stop edərək ön qanadı dəyişməli oldular.
Amma hadisələr bununla da bitmədi. Üçüncü dövrədə Rikkardonun maşınının arxa sol təkəri deşildi və onun sürətinin azalmasından istifadə edən Rosberq liderliyi ələ aldı.
Yolda qırıntıların çox olmasını nəzərə alan yarış hakimləri Təhlükəsizlik Maşınının trasa daxil olmasına qərar verdilər. Bundan istifadə edən pilotların bir çoxu vaxt itirmədən pit-stop etmək üçün pit yoluna üz tutdular. Lakin yarışa Soft təkərlərlə başlamış Rosberq, həmçinin Felipe Massa və Fernando Alonso pit-stop etmədən yarışa davam edən pilotlar arasında idi. Doqquzuncu dövrədə Təhlükəsizlik Maşını trası tərk etdi və Niko Rosberq liderliyini qoruya bildi.
Yüksək yerlər uğrunda gərgin mübarizə.
Yarışın davamı ötmələrlə zəngin oldu. Azarkeşlər xüsusilə də Lyuis Həmilton, Daniel Rikkardo və Sebastyan Fettelin timsalında manevrlər gördü.
Əvvəlcə Rikkardo, daha sonra – 47-ci dövrədə isə Raykkonen Hamilton və Massanı qabaqlayaraq həm yüksək yerlər tutmaq uğrunda vacib addım atdılar, həm də tamaşaçılara gözəl şou bəxş etdilər.
Finiş
Yarışın sonlarında isə Toro Rosso-nun istedadlı gənc sürücüləri Maks Ferstappen və Karlos Sayns bir qədər irəlilədilər. Onların hər ikisi Bottası üstələdi. Ferstappenə daha bir dövrə də kifayət edəcəkdi ki, Hamiltonu keçsin.
Yarışda finişi ilk görən pilot yarışboyu bütün insidentlərdən uzaq olan Niko Rosberq oldu. O, ilk üç yarışda maksimum nəticə göstərərək 75 xal toplayıb komanda yoldaşını 36 xalla üstələyir. İkinci yeri Sebastyan Fettel, 3-cü yeri isə Daniil Kvyat tutdu. Rikkardo əvvəlki 2 yarışda olduğu kimi, yenə 4-cü oldu və xal ehtiyatını 36-a çatdırdı. O, hazırda sürücülər çempionatında 75xalı olan Rosberqdən və 39 xalı olan Hamiltondan sonra 3-cüdür.
Qeyd edək ki, bu yarışda bütün sürücülər finiş xəttini görə bildilər. Belə bir hal sonuncu dəfə 2011-ci ildə Valensiyada keçirilmiş Avropa Qran Prisində baş vermişdi.
Növbəti dayanacaq isə Rusiya Qran Prisidir. Rusiyada Rosberq keçən il olduğu kimi, poul qazana biləcəkmi? Və ya, Hamilton yenə qələbə qazanaraq Rusiyanın Qran Prisinin yeganə qalibi olmağa davam edəcək? Ferrari Mercedes AMG ilə mübarizə apara biləcək? Bəs 2 çempion pilotu olan və keçən ilki zəif nəticədən sonra bu il də ilk 3 yarışda bütün ümidləri puç edən McLaren Honda hansı vəziyyətdə olacaq? Bütün bu suallara 2 həftə sonra Soçidə cavab tapacağıq.
E.Ə.
www.oxu.az