“Neftçi”nin kapitanı Ruslan Abışov klub televiziyasına müsahibə verib.
Oxu.Az xəbər verir ki, futbolçu müsahibəsində zədəsindən danışıb:
“Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda belə bir zədə alacağam. Amma bu, futboldur. Bu, mənim başıma gəldi. Artıq hər şey qaydasındadır, pis günlər geridə qalıb. Demək olar, bacardığım qədər var gücümlə məşq edirəm. Çalışıram, məşqlərdə tam gücümü ortaya qoyum.
Düzdür, çətinliklər var. O da normaldır. Çünki haradasa beş aya yaxın komanda ilə məşq etməmişdim. Bu, meydanda öz təsirini göstərir. Amma məşqçilərimiz, komanda yoldaşlarım, həkimlərimiz sağ olsunlar. Hər biri mənə böyük dəstək göstərir ki, tez bir zamanda formamı bərpa edib, var gücümlə komandamıza kömək eləyim.
Çox təəssüflənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hisslər keçirirdim. Amma sağ olsun ailəm. Ən böyük dəstəyi mənə onlar verdilər. Komanda yoldaşlarım, dostlarım da mənə çox böyük dəstək verdilər ki, səbirli ol, zamanla hər şey qaydasına düşəcək.
Futbolçu hər tərəfdən özünə dəstək gözləyir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, artıqlaması ilə dəstək gördüm. Bir çox azarkeşlərimiz zəng vururdular, öz dəstəklərini göstərirdilər. Ümumiyyətlə, hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.