"Məşqçi məni istədiyim mövqedə oynatdı. İstədiyim mövqedə oynayanda qol vururam".
Bunu "Sabah"ın oyunçusu Coy Lens Mikels iyulun 31-də Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"a qarşı cavab oyunundan sonra Oxu.Az-a açıqlamasında deyib.
- Oyun barədə nə düşünürsünüz?
- Het-trik və ötürmə etdim. Ötürməni unutmayaq. Növbəti mərhələyə keçdiyimiz üçün xoşbəxtəm. İndi növbəti rəqib kimi "Braqa", yaxud "Sofiya" ilə oyunu gözləyirik.
- Növbəti oyunda hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
- Bilmirəm. "Sofiya", yaxud "Braqa" olacaq. Bilmirəm, hansı komanda bizim üçün daha yaxşıdır, amma növbəti mərhələyə adlamaq üçün hər hansı bir üsulla qazanmaq məcburiyyətindəyik. Komanda fərq etməz.
- Yeni mövsüm bir-iki həftəyə başlayır. "Sabah"la hədəfiniz nədir?
- Hesab edirəm ki, indidən nəsə demək tezdir. Amma hər matçı qazanmaq istəyirik. Avrokubok matçlarında bacardıqca irəliləmək istəyirik. Ona görə oyundan-oyuna daha yaxşı olacağıq.
- Stadionda bugünkü ab-hava barədə nə deyərdiniz?
- Hamınıza çox təşəkkür edirik! Çox yaxşı idi. Ümid edirəm, növbəti matçlarda daha çox azarkeşimiz olacaq və bizi dəstəkləyəcəklər.
- Ardıcıl iki het-trik. Bu cür yaxşı formada olmaq üçün nə edirsiniz?
- Düzünü desəm, məşqçi məni istədiyim mövqedə oynatdı. İstədiyim mövqedə oynayanda qol vururam. Həmişə belə olub. Son məşqçi məni istədiyim mövqedə oynatmadı, bu səbəbdən çox qol vurmadım.
Xatırladaq ki, "Sabah" - "Petrokub" oyunu Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Coy Lens Mikels oyunda het-trik edib.
Anar Həsənov