İngiltərənin "Şeffild Yunayted" komandasının gənc futbolçusu Ehije Ukaki karyerasında yeni səhifəni məhz Azərbaycanda aça bilər.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu hazırda Misli Premyer Liqasında mübarizə aparan klublarımızın maraq dairəsindədir.
Ötən yay Bolqarıstanın "Botev" komandasından transfer edilən Ukakinin masasında hazırda Belçika, Niderland, Türkiyə və Azərbaycandan gələn təkliflər var. Futbolçu komandanın əsas heyətində möhkəmlənə bilmədiyinə görə, Çempionşip təmsilçisi onun daha çox oyun praktikası toplaması məqsədilə bir illik icarəyə göndərilməsini planlaşdırır.
Xatırladaq ki, Ehije Ukakinin "Şeffild Yunayted" klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
