“Azərbaycanın ən bacarıqlı uşaqlarını “Marset”də yaxşı səviyyəyə gətirəcəyik”.
Oxu.Az xəbər verir ki, bunu ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) rəsmisi Vəli Bünyatov İspaniyanın “Marset” Futbol Akademiyası ilə əməkdaşlıqla bağlı təşkil olunan mətbuat konfransında deyib.
O, ispanlarla əməkdaşlıq ideyasının necə yarandığı barədə danışıb:
“Oğlumu yay düşərgəsinə aparmağı planlaşdırırdım. “Marset” variantı yarandı. Onlardan cavab gəldi ki, oğlumun orada bir il qalmasını istəyirlər. Məşq tərzlərini, yanaşmanı gördük. Oğlum Adnan Bünyatov 2009-cu il təvəllüdlülər arasında Kataloniya çempionu oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, oğlumun inkişafında köməkçi iş adamı Adnan Əhmədzadə oldu. O, maliyyə tərəflərini öhdəsinə götürdü. Nəticəni görəndən sonra qardaşım Rafael Bünyatovla danışdıq ki, belə nəticə əldə edə biliriksə, öz övladlarımızı, digər uşaqları Barselonaya göndərək, ispan futboluna yiyələnsinlər. Uşaq futbolunun inkişafının dəstəklənməsi təklifini Adnan Əhmədzadə qəbul etdi. Klubun prezidenti isə Rafael Bünyatov oldu”.
Klub rəsmisi yekunda 15 uşağın İspaniyada təlim keçəcəyini söyləyib:
“Marset”lə müqaviləmiz var. 2008-2009-cu il təvəllüdlü 50 ən yaxşı uşaq seçilib, onların içərisindən “Marset” seleksiyaçıları ən yaxşı 15-ni seçəcəklər. İki ay vaxtımız olacaq. Müəyyən qədər ispan dilini öyrənəcəklər. Uşaqlar sentyabrdan İspaniyada olmalıdırlar. Orada da klub futbolla yanaşı, ispan dili dərslərini keçəcək. Eyni zamanda təhsillə bağlı məsələləri həll edəcəklər”.
Faiq Tahirov