"Atletiko Madrid"lə oyundan sonra "Real Madrid" düşərgəsində hakim idarəçiliyinə və La Liqa rəhbərliyinə qarşı sərt açıqlamalar səsləndirilib.
Oxu.Az xəbər verir ki, Portuqaliyalı baş məşqçi Joze Mourinyo 2:1 hesabı ilə başa çatan Madrid derbisindən sonra hakim Migel Anxel Ortis Arias və VAR hakiminin qərarlarını tənqid edib.
Mütəxəssis mətbuat konfransında "Atletiko Madrid"in futbolçusu Kanq-in Linin qırmızı vərəqə almalı olduğunu göstərən foto da nümayiş etdirib.
Mourinyonun açıqlamasından sonra "Real Madrid" La Liqa prezidenti Xavyer Tebasın klubla bağlı fikirlərinə etiraz edib. Madrid təmsilçisi Tebasın öz vəzifəsindən istifadə edərək "Real"ı ictimaiyyət qarşısında hədəfə aldığını bildirib və onun mövqeyini yolverilməz adlandırıb.
Klubun açıqlamasında Laliqa prezidentinin bütün komandaların maraqlarını qorumağa borclu olduğu, "Real Madrid"ə qarşı şəxsi kanalları və vaxtını sərf etməsinin isə İspaniya futbolunun imicinə zərər verdiyi qeyd olunub.
Tebas isə "Real Madrid"in açıqlamasına cavab verərək klubun özünün də La Liqanın sahibi olmadığını bildirib.
"Bu fikirlə tamamilə razıyam: La Liqa prezidenti liqanın sahibi deyil. "Real Madrid" prezidenti də belə deyil. Bütün klubları təmsil etmək onlar arasında bərabərliyi və ədaləti müdafiə etməyi tələb edir", - deyə Tebas bildirib.
La Liqa rəhbəri "Real Madrid"in hakimlərin klubun əleyhinə qərəzli olduğu barədə fikirlərini də rədd edib. O, hakim qərarlarının tənqid edilməsinin normal olduğunu, lakin hər mübahisəli epizodu "təqibin sübutuna" çevirməyin başqa məsələ olduğunu vurğulayıb.
Tebas həmçinin müstəqillik və tərəfsizliyin eyni anlayış olmadığını bildirib:
"Müstəqillik təzyiq və tabeçilik olmadan qərar qəbul etmək, hamıya eyni qaydaları tətbiq etmək və ümumi maraqları müdafiə etmək deməkdir. Bu isə "Real Madrid"in xoşuna gəlməsə belə, qərar qəbul etməyi və mövqe bildirməyi tələb edir".
O, sözlərini belə yekunlaşdırıb:
"Mən nə La Liqanın sahibiyəm, nə də onu bir klubun mülkü kimi idarə edəcəyəm. Hamıya hörmət edirəm. Heç kimə boyun əymirəm".