"İRİA İKT sahəsində fəaliyyət göstərən gənclərin formalaşdırılması, onların bu sahədə ən yüksək, beynəlxalq səviyyəli biliklərə malik olması üçün müxtəlif sayda proqramlar həyata keçirir. İndiyədək artıq 10 mindən çox şəxsin bu sahədə müxtəlif qısa və uzunmüddətli proqramlardan keçərək biliklərə yiyələnməsinə, beynəlxalq səviyyəli şirkətlərdə təcrübə keçməsinə şərait yaratmışıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları üçün keçirilən "İKT Karyera Sərgisi"ndə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədr müavini Rəşad Xalıqov deyib.
O bildirib ki, bir neçə layihə xüsusi vurğulanmalıdır:
"Çünki bunlar Azərbaycanda yeni dövr üçün əhəmiyyətli olacaq insan kapitalı baxımından mühüm layihələrdən biridir. Biz son dövrlərdə, ABŞ-də bu sahədə ixtisaslaşmış şirkətlərin ölkəyə gətirilməsi, onların bilik və bacarıqlarının ölkəyə transfer olunması və eyni zamanda, ölkəmizdə bu sahədə fəaliyyət göstərən gənclərin formalaşdırılması üçün layihələr icra edirik".
R.Xalıqov əlavə edib ki, İRİA ABŞ-nin nüfuzlu şirkəti - "Anderson"la birlikdə yeni bir proqram təsis edib:
"200-dən çox gənc yüksəksəviyyəli bilik və bacarıqlar əldə etmək üçün birillik proqram keçirlər. Bizim belə proqramlarımız mütəmadi olaraq davam etdirilir. Düşünürəm ki, bu mənada xüsusilə də ölkədə fəaliyyət göstərən şirkətlər və universitetlər ilə əməkdaşlığımız çox mühüm əhəmiyyət daşıyır. Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlər və universitetlər ilə belə layihələri mütəmadi olaraq icra edirik".
Qeyd edək ki, İRİA-nın təşkilatçılığı ilə keçirilən "İKT Karyera Sərgisi"ndə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları daxil olmaqla 900-dən çox gənc iştirak edərək ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumunun nümayəndələri ilə görüş imkanı əldə ediblər.
Məhərrəm Əliyev