2016-cı ildə mənzil bazarında qiymət azalması Azərbaycan İpoteka Fondunun (AİF) bazara buraxdığı pul kütləsinin həcmindən, digər kredit təşkilatlarının bazardakı fəaliyyət həcmindən asılı olaraq dəyişəcək. Əgər hazırkı tendensiya davam edəcəksə, bu halda mənzil bazarında qiymət azalması 10-15% civarında olacaq.
Oxu.Az-a bu barədə “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, İpoteka Fondu və digər kredit təşkilatları bazarda fəaliyyətlərini gücləndirsələr, bu halda qiymət düşməsinin qarşısını almaq olar:
“Qiymətlər bu halda ola bilər ki, stabil qalsın”, - deyə N.İbrahimov bildirib.
Bundan başqa, mənzil bazarı üzrə ekspert düşünür ki, bazara vergi sisteminin tətbiq edilməsi aktivliyin azalmasına təsir edən amillərdəndir:
“Ümumiyyətlə, ilin əvvəlindən Vergilər Nazirliyi daşınmaz əmlakın özəlləşdirilməsi, alqı-satqı prosesinə vergini tətbiq etməyə başladı, bazarda aktivliyin düşməsinə səbəb olan amillərdən biri də məhz budur. Xüsusən bunun bazarda təklif həcminin azalmasına təsiri oldu.
Məsələn, bir müddət əvvəl bir çox şəxs əllərindəki əmlakı satıb, hansısa problemi həll etməyi düşünürdüsə, satış zamanı verginin tutulacağını bildikdən sonra, bu fikrindən daşınırdı. Çoxları bu səbəbdən əmlakını satışdan çıxartdı”.
N.İbrahimov qeyd edib ki, mənzillərin satışına görə verginin tətbiq edilməsinə indiki halda ehtiyac yox idi:
“Daşınmaz əmlak bazarını tənzimləyən dövlət mexanizmlərindən biri də vergi siyasətidir. Vergi siyasətini düzgün quranda bu bazar yaxşı işləyir. Düzgün qurmayanda bazarda bu cür problemlərə gətirib çıxarır. Belə fikirləşirəm ki, bu mərhələdə daşınmaz əmlakın vergiyə cəlb edilməsi zamanında atılmayan bir addımdır”.
İbrahimov onu da əlavə edib ki, bir çox faktorları nəzərə alaraq, bazarda ümumi aktivlik 50%-dən çox düşüb.
Öz növbəsində, iqtisadçı-ekspert Vüqar Bayramov isə düşünür ki, 2016-cı ildə mənzil bazarında qiymətlərin dəyişməsi ipoteka proqramının əhatə dairəsindən asılı olacaq:
“Təbii ki, şərtlər əgər yumşalarsa, ipoteka proqramları vasitəsilə mənzil bazarına daxil olan vəsaitin həcmində artım olarsa, bu halda, durğunluğun aradan qaldırılmasına və tələbin yüksəlməsinə, qiymətlərdə stabilliyin yaradılmasına nail olmaq olar. Amma bütövlükdə yaxın vaxtlarda mənzil bazarında ciddi qiymət artımları proqnozlaşdırılmır”.
Mənzillərin satışına görə, vergi sisteminin əmlak bazarına təsirindən danışan Bayramov qeyd edib ki, bu, bazarda aktivliyin azalmasına səbəb olur:
“Mənzillərin satışına görə, tətbiq edilən vergi aktivliyə təsir göstərir. Qanunvericiliyə görə, vergini satıcı ödəməlidir. Satıcı gəlir əldə etdiyi üçün həmin gəlirin bir hissəsini vergi formasında ödəməlidir, amma bununla belə, verginin tətbiq edilməsi aktivliyin azalmasına təsir edən faktor kimi qiymətləndirilir”.
“Son bir ildə mənzil bazarında qiymətlər 14% aşağı düşüb, 2015-ci ildə isə bu rəqəmin 18% olacağı gözlənilir. Bu o deməkdir ki, növbəti aylarda mənzil bazarında təxminən 4%-ə yaxın qiymət azalmaları gözlənilir”, - deyə Bayramov əlavə edib.
Qeyd edək ki, 2016-cı ildə mənzillər satıldıqda vergi onun qiymətinə görə, evin sahəsinə görə tutula bilər. Bu barədə Vergi Məcəlləsinə edilən dəyişikliklər də gözlənilir.
Ülviyyə R. Əli
www.oxu.az