Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Ali Məhkəməsində "Çirklənmə, təbiət və su: Hakimlərin iqlim dəyişikliyinə dair qlobal dialoqu" mövzusunda tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrisen, BMT-nin baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər iştirak ediblər.
Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.
Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir. Bildirilib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquqşünaslar iqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik bazasının möhkəmləndirilməsində, məhkəmə təcrübəsinin formalaşdırılmasında və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayırlar. Hüquq institutları təkcə ekoloji cinayətlərlə mübarizədə deyil, həm də ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirak edirlər. Hakimlər arasında iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyi vurğulanıb.
Sonra Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi təbiətdə xüsusən su hövzələrinə təsir edir, quraqlığın yaranmasına gətirib çıxarır. Ətraf mühiti hakimsiz qorumağın mümkün olmadığı xüsusi vurğulanıb. Ona görə də bu müzakirələrin təşkil edilməsində məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə hakimləri də cəlb etməkdən ibarət olduğu bildirilib.
BMT-nin baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali çıxışında ətraf mühitə təsir edən, qanunun aliliyini pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, iqlim ədaləti planeti qorumaq üçün lazımdır və bu istiqamətdə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri Luk Lavrisen isə dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində götürdükləri öhdəliklər və bu istiqamətdə məhkəmə təcrübəsini vurğulayıb. Bildirilib ki, yetərsiz iqlim insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq öhdəliklər kontekstində iqlim dəyişikliyi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və bu sahədə çıxarılan məhkəmə qərarlarının icrasına xüsusi nəzarətin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra tədbir panel müzakirələrlə davam etdirilib.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT