"Müştəri artıq banka gəlmək istəmir, xidmət görünməz olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Alpaslan Çakar bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda deyib.
Onun sözlərinə görə, bank sektorunda strategiya və müştəri gözləntiləri sürətlə dəyişir:
"Bankçılıq mahiyyət etibarilə vasitəçilik fəaliyyəti olsa da, texnologiyaların inkişafı bu sahəni tamamilə yeni mərhələyə aparır. Bankçılıq əvvəlcə klassik korporativ model üzərində qurulsa da, 1970-80-ci illərdə kompüterlərin, 2000-ci illərdə isə rəqəmsallaşmanın yayılması sektorda yeni mexanizmlər yaradıb. Hazırda isə rəqəmsallaşma yeni mərhələyə keçir. Əsas məsələ müştərinin davranışını, gözləntilərini düzgün anlamaq və idarə etməkdir".
Alpaslan Çakar bildirib ki, müştəri artıq banka gəlmək istəmir:
"Onun ehtiyacları əvvəlcədən analiz olunmalı, xidmət isə adi həyat axınına görünməz şəkildə inteqrasiya edilməlidir. Bəzi ölkələrdə maliyyə xidmətlərinin böyük qismi artıq banklardan kənar platformalar vasitəsilə həyata keçirilir və bu tendensiya güclənməkdədir".
Sektorda rəqəmsallaşma və süni intellektin rolunu vurğulayan Alpaslan Çakar əlavə edib ki, süni intellekt qaçınılmazdır:
"Dünya buna hələ də tam hazır deyil, amma onun gələcəyi dəyişdirəcəyi dəqiqdir. Bankçılığın yaxın illərdəki əsas "yanacağı" verilənlər olacaq. Məlumatın idarəedilməsi isə süni intellekt tərəfindən təmin olunacaq. Banklar arasındakı əsas fərqi də məhz bu texnologiyadan təhlükəsiz və effektiv şəkildə istifadə edənlər müəyyən edəcəklər".
Aqil Vəlili