“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir”.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşündə deyib.
Nazir xatırladıb ki, Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Avropa İttifaqı ölkələrinin payına düşür.
Avropa İttifaqı ilə müxtəlif proqramlar (“Tvinninq”, “TAİEX” və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir.
Öz növbəsində M.Mard Avropa İttifaqı-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirərək Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Görüşün sonunda Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 mln. avro dəyərində “Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb.
Sazişdə tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.
U.A.
www.oxu.az