“Boeing” şirkəti və Azərbaycanın “Silk Way West” aviaşirkəti arasında üç 747-8 yük təyyarəsinin alınması üzrə müqavilənin dəyəri açıqlanıb.
Oxu.Az “Boeing”in rəsmi saytına istinadən məlumat verir ki, müqavilə yekunlaşandan sonra onun dəyəri 1.1 milyard dollardan çox olacaq.
Şirkətin Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrinə satış üzrə vitse-prezidenti Marti Bentrott deyib ki, Silk Way Group Şirkəti “Boeing”in uzunmüddətli müştərisidir.
“Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və 747-8 yük təyyarələrinə davamlı etibarına görə şirkətə minnətdarıq”, - deyə o bildirib.
Qeyd edək ki, 747-8 yük təyyarəsinin rəqibi yoxdur. O, hava yolu ilə yük daşıyıcılarına daşınmaları ən az xərclərlə həyata keçirməyə imkan verir.