Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı: Tempi və xüsusiyyətləri - TƏHLİL
Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, yerli iqtisadiyyat bərpa olunur. Bu gün iqtisadiyyatın bərpasına mühüm töhfəni sənaye istehsalının, yəni sənayenin emaledici sahələrinin inkişafı verir.
Pandemiyanın yaratdığı tələblərə cavab vermək üçün uğurlu istiqamətləndirmə və ya yeni istehsal güclərinin işə salınması əhəmiyyətli inkişaf faktoru olub. Beləliklə, izopril spirtinin və antiseptiklərin istehsalı üçün digər komponentlərin istehsalat həcmi artıb. Bənzər vəziyyət tibbi maskalar və qoruyucu kombinezonların, fərdi qoruyucu vasitələrin istehsalı üçün istifadə olunan plastik və şüşə qabların istehsalına yönələn digər sənaye sahələrində də müşahidə edilib. Bu istehsalatların çoxu sənaye parklarında yaradılıb.
Hələ 2013-cü ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə sənaye parkları və məhəllələrinin yaradılması bütövlükdə emaledici sənayenin inkişafı üçün yaxşı dayaq oldu. Hazırda Azərbaycanda beş sənaye parkı yaradılıb, flaqman isə Cənubi Qafqaz regionunun ən böyüyü sayılan Sumqayıt Kimya Sənaye Parkıdır.
Parklar əvvəlcə klasterizasiya əsasında yaradılıb. Bu, dünyada çoxdan bəri tətbiq olunan və bəhrəsini verən mütərəqqi bir həldir. Klasterin mahiyyəti, məhsulları bir-birini tamamlayan və ümumi xammal bazasında fəaliyyət göstərən bir-biri ilə əlaqəli istehsalat qruplarının yaradılmasıdır. İstehsalatın klasterləşdirilməsindəki əsas iqtisadi faydalardan biri nəqliyyat xərclərinin nəzərəçarpacaq dərəcədə azalmasıdır.
Beləliklə, Sumqayıt Kimya Sənaye Parkı - kimya və metallurgiya sənayesi, maşınqayırma, informasiya və kommunikasiya texnologiyaları və digər texnoloji sahələrin məhsullarının istehsalına yönəlib.
Mingəçevir sənaye parkı toxuculuq sənayesinin müxtəlif sahələrinə, Qaradağ sənaye parkı iri, orta və ağırtonajlı gəmi və avadanlıqların istehsalı və təmirinə, Pirallahı sənaye parkı müxtəlif formalarda dərman vasitələri, baytarlıq preparatları, tibbi avadanlıqlar və qurğuların hazırlanmasına, inşaası davam edən Ağdam sənaye parkı isə inşaat materialları, qida və yüngül sənaye məhsullarının istehsalına yönəlib.
Ağdam sənaye parkı işğaldan azad edilmiş ərazilərin bərpası üçün plasdarm olacaq.
Bütün dünyada sənaye klasterizasiyası həm dövlət, həm də özəl texnoparklar və sənaye parklarının yaradılması, inkişafı yolu ilə baş verir. Sənaye parkı mərkəzləşdirilmiş şəkildə inkişaf etmiş və istehsalat, anbar, ofis binaları, həmçinin müvafiq kommunikasiya və bir neçə rezidentin yerləşdiyi infrastruktur ilə idarə olunan ərazidir. Azərbaycanda dövlət zəruri infrastrukturun yaradılmasını, o cümlədən rezidentlərin torpaq sahəsi, nəqliyyat və kommunal rabitə - elektrik, qaz, su xətləri ilə təminatını öz üzərinə götürüb.
Sənaye parklarının rezidentləri üçün əlavə təşviq kirayə haqqının aşağı olması, gəlir və əmlak vergilərindən 10 il müddətinə, istehsal məqsədli avadanlıq və texnologiyaların idxalı üçün isə ƏDV və idxal rüsumlarından 7 il müddətinə azad olmaqdır.
Sənaye parkları və məhəllələrinin, həmçinin aqroparkların fəaliyyətinin daha yaxşı koordinasiyası, yatırımların, xüsusən birbaşa xarici investisiyanın cəlb olunması üçün bu ilin yanvar ayında Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Xüsusi iqtisadi zonaların məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini artırmaqdır.
Parklardan fərqli olaraq sənaye məhəllələri kiçik və orta sahibkarların sənaye istehsalı və xidmət sektorunda imkanlarının inkişaf etdirilməsi və genişləndirməsi üçün yaradılmışdır. 51 aqroparkın Agentliyin sərəncamına verilməsindən sonra, gündəlikdə qida və aqroemal sənayesinin təşkili və inkişafı, kənd təsərrüfatı məhsulları istehsalı məsələləri dayanır. Beləliklə, kənd təsərrüfatı bitkilərinin becərilməsi, emalı və hazır məhsulun əldə olunması da daxil olmaqla “tarladan piştaxtaya” prinsipi üzrə tam istehsal dövrü təmin olunacaq. Bu daşınma xərclərini azaldacaq və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini artıracaq.
Agentliyin məlumatına görə, 4 sənaye parkının rezidentləri tərəfindən 8000-ə yaxın iş yeri yaradılıb və gözlənilən 3,8 milyard dollardan 3,5 milyard dollar investisiya yatırılıb. Hazırkı dövrə qədər Azərbaycanda fəaliyyət göstərən sənaye kvartallarına 73 milyon manatdan çox sərmayə qoyulub, 286 iş yeri yaradılıb. Azərbaycanın müxtəlif regionlarındakı aqroparklara ümumilikdə 1,5 milyard manat yatırım qoyulmuşdur ki, bunun da 293 milyon manatı müvafiq infrastrukturun inkişafı üçün ayrılan dövlət investisiyasıdır, həmçinin güzəştli kredit şəklində 173 milyon manat verilib.
2021-ci ilin ilk yarımilində iqtisadi zonaların rezidentləri tərəfindən 824 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38 faiz çoxdur. Eyni zamanda 268 milyon manat dəyərində məhsul ixrac edilmişdir. Ümumilikdə, bu günə qədər iqtisadi zonalarda istehsalın ümumi həcmi 4,2 milyard manat təşkil edib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb.
Bu gün İqtisadiyyat Nazirliyi qarşısında milli təsərrüfatın davamlı diversifikasiyası üzrə hədəf vəzifəsi dayanır və bununla əlaqədar qeyri-neft ixracının bundan sonra daha da artmasına şərait yaradacaq konsepsiyanın hazırlanması planlaşdırılır. Belə ki, 2025-ci ilə qeyri-neft ixracının həcminin iki dəfə artırılması planlaşdırılır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyri-neft sektorunun ixrac potensialının inamla və sürətlə bərpa olunduğunu yazıb. O qeyd edib ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft ixracı keçən ilin ilk yarımilinə nisbətən 27,1 % artıb və pul ekvivalentində 1,16 milyard dolları keçib. Eyni zamanda, qeyri-neft sənayesi məhsullarının ixracı 40,1 % artıb və onun qeyri-neft ixracının ümumi həcmindəki payı artıq 50 faizi keçmişdir. Ümumilikdə, 6 ay ərzində ümumi ixrac həcmi illik müqayisədə 14,8 % artmışdır.
“İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir”, - deyə nazir paylaşımında bildirib.
Anar Vəliyev
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb