Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan milli robot istehsal edəcək
Yaxın beş ildə Azərbaycanda xüsusi intellektual proqramın hazırlanması nəzərdə tutulub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, proqramın “Qafqaz” Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb.
Bu layihəyə əsasən, Azərbaycan dilində tam danışan, başa düşən, analiz edən, mütaliə edən intellektual proqram hazırlanacaq. O daha sonra robota tətbiq olunacaq. Yenilik haqda “Qafqaz” Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev danışıb.
Onun sözlərinə görə, bu layihə böyük maliyyə vəsaiti tələb edir: “Biz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başladıq və onların hədəfində də bu cür layihənin olduğu müəyyən olundu. Artıq ilkin razılaşma əldə olunub. Danışıqlarımız davam edir”.