Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi ilə bir sıra xarici ölkələrdən yeni taxılyığan kombaynların respublikaya gətirilməsini təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, 100 ədəd Almaniya istehsalı olan “CLASS Dominator-130”, 100 ədəd Belçika istehsalı olan “New Holland TC-5050”, 250 ədəd Finlandiya istehsalı olan “Sampo 2045” markalı taxılyığan kombaynların respublikaya gətirilməsi və Gəncə avtomobil zavodunda yığılan “MTZ” markalı “Belarus” tipli 600 ədəd traktorun istifadəyə verilməsi həyata keçiriləcək.
Qeyd olunan texnikaları, lizinq yolu ilə almaq istəyən, eləcə də servis xidmətində çalışan şəxslərin həmin texnikaların istismar qaydalarını mənimsəmələri üçün “Aqrolizinq” ASC tərəfindən 2014-cü ilin fevral, mart və aprel aylarında xüsusi təlim kursları təşkil olunacaq.