Azərbaycanda aksizli malların plastik kartlarla satışı yanvarın 12-dən dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevə çox sayda müraciətlər olub:
“Həm bizə, həm də bizdə olan məlumata görə, Prezident Administrasiyasına və Nazirlər Kabinetinə, eləcə də ölkə başçısına, cənab prezidentə müraciətlər olur ki, sənədləşdirmə işlərinin başa çatdırılması üçün müəyyən zaman tələb olunur”, - deyə o qeyd edib.
Bütün bunları nəzərə alaraq, həmişəki kimi, cənab prezident yeni sahibkarlığın inkişafına öz dəstəyini göstərir. Və tapşırıq verilib ki, qadağanın tətbiqi müvəqqəti olaraq dayandırılsın. Hazırlıq işləri başa çatandan sonra yəqin ki, bununla bağlı ayrıca qərar qəbul ediləcək.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda aksizli malların plastik kartlarla satışı üçün problem yoxdur, ölkədə kifayət qədər pos-terminallar və plastik kartlar var:
“Yəni ticarət və iaşə müəssisələrində 86 mindən artıq pos-terminallar quraşdırılıb və ehtiyac olarsa, əlavə pos-terminalların quraşdırılması üçün də hər cür imkanlar var. Eləcə də ölkədə kifayət qədər, təqribən 6 milyondan artıq plastik kartlar da var”.
Sadəcə hələlik adamlar buna hazır olmalı və alışmalıdırlar:
“Bu məsələni geniş təbliğ etməyə ehtiyac var”.
S.Ələkbərov bildirib ki, spirtli içkilərin nağdsız ödənilməsi ilə bağlı ciddi bir sual və ya problem yoxdur. Sadəcə olaraq, əsas problem - sənədləşmə ilə bağlı məsələlər var:
“Qaydaların tətbiqinin dayandırılması imkan verəcək ki, bizim həm istehsalçılarımız, həm ticarətçilərimiz, həm pərakəndə, həm də topdansatışla məşğul olanlar sənədləşdirmə işlərini başa çatdırsınlar. Çünki bunlarda xeyli miqdarda mal qıtlığı var. Onlar sənədləşməyiblər, sənədləşmə məsələləri həllini tapmalıdır.
Eyni zamanda, mağazalarda və kafelərdə spirtli içkilərin həm nağd qaydada, həm də nağdsız formada satışı mümkündür. Yəni seçim alıcılarındır, hansı qaydada istəsələr satıcılar buna hazırdılar”.