Tez-tez banklar müştəriləri kreditlərlə bağlı əməliyyatlar zamanı aldadırlar.
Oxu.Az xəbər verir ki, bu barədə “Exo”ya İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov bildirib.
“Müştərilərin aldadılmasının üsullarından biri bankların real faiz dərəcəsini gizlətmələridir. Bu üsulla onlar müştəri cəlb etməyə çalışırlar. Bizim tədqiqatlarımız göstərir ki, Azərbaycanda real faiz dərəcəsindən fərqlənən və əsl vəziyyəti əks etdirməyən effektiv faiz dərəcəsini göstərməyə üstünlük verirlər. Faktiki olaraq, bu, müştəriləri aldatmaq deməkdir.
Digər aldatma üsulu kredit faizlərinin hesablanması zamanı baş verir. Adətən hesablama növbəti aydan aparılmalıdır. Bu, hesablama zamanı nəzərə alınmayan dövrün olması üçün nəzərdə tutulub. Lakin banklar faizləri kredit kartından istifadə edildiyi gündən hesablamağa başlayırlar.
Bundan başqa, banklar müştərilərlə bağlanılan müqavilələrin mətnini çox çətinləşdirir, çox hallarda müştərinin anlamadığı çoxsaylı termin və sözlərdən istifadə edirlər. Beləliklə, bu, müştərilərin sənədin mətni ilə tam tanış ola bilməmələrinə gətirib çıxarır.
Müştəriləri əmlakın qiymətləndirilməsi zamanı da aldadırlar. Əmlak real dəyərindən ucuz qiymətləndirilir” – deyə, ekspert bildirib.
Öz növbəsində müstəqil ekspert Oqtay Haqverdiyev “Exo”ya bildirib ki, Azərbaycanda faiz dərəcələri kifayət qədər yüksəkdir, ona görə də, bankların hansısa əlavə hiylələrə əl atması məcbur deyil:
“Onlar onsuz da “düzgün” yolla istədikləri qədər qazana bilərlər. Elə hallar olur ki, müştəri uzunmüddətli kredit götürür, lakin sonra onda bu krediti tez bağlamaq imkanı yaranır. Bank isə həmin müddət üçün faizləri əvvəlcədən hesablayır və müştəri əsas borcunu tez ödədikdə, banklar faiz itirirlər. Bəzi banklar bunu edir, digərləri isə yox”.