Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan şirkətlər gömrük vergisindən azad olunacaqlar. Hazırda bu istiqamətdə işlər gedir.
Oxu.Az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Startup Azərbaycan-2014” layihəsinin yekun təqdimatında bildirib.
Nazirin sözlərinə görə, bu ildən artıq Azərbaycanda İKT sahəsində çalışan şirkətlər vergilərdən azad olunublar.
“İndi gömrük rüsumundan azad olunma üzərində iş gedir”.
Abbasov vurğulayıb ki, region ölkələri – Rusiya, İran, Qazaxıstan da həmçinin İKT sahəsini vergi və rüsumlardan azad ediblər və Azərbaycan da bu istiqamətdə addımlamağa başlayıb.
Ə.Abbasov bildirib ki, ölkədə İKT sahəsinə investisiyalar çoxalacaq.
“Ən vacib istiqamətlərdən biri ağıl üstündə qurulan biznes sahələri olacaq. Elmə, ağıla, biliklərə marağı çoxaltmalıyıq. Bu sahədə görüləsi işlər çoxdur. Sevindirici haldır ki, son dövrlər gənc startapçıların həm sayı artıb, həm də fəallıqları yüksəlib. Startap iqtisadiyyatda möcüzəyə bənzər bir layihələrdir, çünki Microsoft, Facebook – bu tanınmış şirkətlər start kimi fəaliyyətə başlayıblar”.
Azərbaycanda startap layihələr üçün milyonluq, milyardlıq sərmayəçilərin tapılmadığını vurğulayan nazir, bununla belə, həmin layihələrin milli iqtisadiyyatımıza töhfəsinin böyük olduğunu bildirib.
“Odur ki, dövlət öz tərəfindən çalışır və bu istiqamətdə addımlar atır. Əvvəla, bura qrantların ayrılması daxildir, çünki startapçıların maliyyələşdirməyə böyük ehtiyacları var. Lakin bu əsas məsələ deyil. İkinci, biz onlar üçün güzəştli şərait yaradırıq – vergi və rüsumlardan azad edirik. Üçüncü, biz belə tədbirləri, konfransları keçirməklə, həmin startapçıları potensial investorlarla görüşdürürük, onların inkişafına təkan vermiş oluruq”.
Gülnarə Zeynalova
www.oxu.az