Polşa şirkəti “Microfinance Center” (MFC) Beynəlxalq maliyyə şirkəti Beynəlxalq Maliyyə Korporasiyasına (İFC) Azərbaycanda maliyyə təhsilinin yüksəldilməsi üçün layihənin realizəsinə yardım edəcək.
Oxu.Az Biznesinfo.az-a istinadən xəbər verir ki, bu barədə İFC layihəsinin Mərkəzi Asiya və Azərbaycanda maliyyə infrastrukturunun möhkəmləndirilməsi üzrə koordinatoru Teymur Heybətov jurnalistlərə bildirib.
T.Heybətov qeyd edib ki, MFC İFC-nin Mərkəzi Asiyada analoji layihələrinin partnyorudur. Onun sözlərinə görə, İFC-nin müqavilə imzalamağa hazırlaşdığı Polşa şirkəti cəmiyyətə çatdırılması lazım olan lazımi metodologiya, treninq, broşur, müraciətləri hazırlayacaq.
Bundan əlavə o qeyd edib ki, İFC hal-hazırda Azərbaycanda maliyyə təhsilinin səviyyəsinin yüksəldilməsində maraqlı olan yerli partnyor axtarır.
“Bizə indiki və gələcək müştərilərin şəbəkəsini onların savadını artırmağa yönləndirəcək yerli maliyyə institutları lazımdır. Biz yəqin ki, bir neçə institutu birləşdirəcək assosiasiya tipli bir institutla işləyəcəyik”, - T.Heybətov deyib.
Onun sözlərinə görə, layihəyə ölkə bazarının kulturoloji xüsusiyyətlərini dəyərləndirəcək, bizim dediklərimizi son istifadəçilərə çatdırmağa yardım edəcək kulturoloq da cəlb ediləcək.
T.Heybətov vurğulayıb ki, İFC partnyorlarla iyula qədər müqavilə bağlamağı və yayın əvvəlinə qədər işə başlamağı planlaşdırır.