Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
Oxu.Az DSMF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə keçirilən xüsusi təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir.
S.Müslümov vurğulayıb ki, istənilən vətəndaş DSMF rəsmi saytına daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Bu gündən etibarən isə pensiyaların avtomatlaşmış qaydada təyinatına başlanılır.
DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir.
Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı da çatdırılacaqdır. Fondun sədri bildirib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq:
“Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq”.
Elvin Əhmədov
www.oxu.az