Bu ilin yanvarın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4757,8 min nəfər olub, onlardan 4521,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən il dekabrın 1-nə muzdla işləyənlərin sayı 1505,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 901,8 min nəfər, qeyri-dövlət bölməsində isə 604,1 min nəfər təşkil edib.
İqtisadiyyatın neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda 1468,3 min nəfər çalışıb.
Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,1 min nəfər təşkil edib.
Statistikaya görə, bu il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub, onların 41,5%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub.