2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, icmal büdcədə isə 4.2 milyard manatdan çox profisit yaranıb.
Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 milyard 365.7 milyon manat təşkil edib. Bu göstərici proqnozdan 265 milyon manat və ya 1.6 faiz çoxdur.
Məlumata görə, büdcə gəlirlərinin əsas hissəsini 7 milyard 825.3 milyon manatla Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edib. Bu istiqamətdə proqnoz 130.3 milyon manat üstələnib.
Ən yüksək artım isə sair daxilolmalar üzrə qeydə alınıb. Belə ki, bu mənbədən büdcəyə 352.4 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 227.4 milyon manat və ya 181.8 faiz çoxdur.
Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə 5 milyard 350 milyon manat transfert edilib. Bu istiqamətdə proqnoz 100 faiz icra olunub.
Nazirliyin məlumatına əsasən, 2026-cı ilin ilk beş ayında icmal büdcənin gəlirləri 19 milyard 865.3 milyon manat, xərcləri isə 15 milyard 611.5 milyon manat təşkil edib. Beləliklə, icmal büdcədə 4 milyard 253.8 milyon manat həcmində profisit yaranıb.