“Azərbaycanın neft gəlirlərinin 2017-ci ildə proqnoz edildiyindən daha çox olacağı gözlənilir”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspertin sözlərinə görə, gəlirlərin artımı ehtimalına iki faktor təsir edə bilər: “Bunun birincisi, neft hasilatının heç də əvvəlki kimi 1,5 milyon ton (gündəlik orta hesabla 30 min barel) civarında azaldılması olmayacaq.
Hökumətin proqnozlarına görə, 2017-ci il üçün 39 mln. 796,9 min ton neft hasilatı gözlənilir. Bu, isə cari illə bağlı korrektə edilmiş neft proqnozundan 948 min ton azdır”.
İ.Şaban bildirib ki, ikinci faktor isə qiymətlərlə bağlıdır: “2017-ci il üçün həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun (SOFAZ) gəlirləri neftin orta illik ixrac qiyməti 1 barel üçün 40 dollardan hesablanıb.
Gələn il üçün neft qiymətlərinin proqnoz göstəriciləri investisiya bankları, enerji agentlikləri, maliyyə qurumları və hasilatçı şirkətlər tərəfindən hal hazırda 50-65 dollar arasında qiymətləndirilir.
Daha real qiymətləndirməni isə neft şirkətləri irəli sürürlər – təqribən 53-55 arasında. Yəni bu qiymətin aşağı sərhədi belə neft gəlirlərimizin proqnoz göstəricilərindən 32,5% çoxdur”.
Ekspert vurğulayıb ki, cari ildə Azərbaycan neftinin orta ixrac qiyməti təqribən 45 dollar civarında olub (ötən il 54,30 dollar idi): “Ona görə də, neft hasilatının azalması faktiki olaraq neft qiymətlərinin artımı ilə kompensasiya edilə bilər. Bunun üçün cari ildəki faktiki qiymətdən 23% qiymət artımı kifayət edər”.
U.A.
www.oxu.az