Azərbaycanda sığorta haqlarının ümumi daxili məhsuldakı (ÜDM) payı 2025-ci ildə 1.63%-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF 2026) bildirib.

Onun sözlərinə görə, bu nəticə sığorta bazarının bütün peşəkar iştirakçılarının, xüsusilə də sığorta şirkətlərinin aktiv fəaliyyəti sayəsində əldə olunub.
A.Miskərli qeyd edib ki, son altı ildə həyata keçirilən ümummilli sığorta maarifləndirmə kampaniyaları da bazarın inkişafına mühüm töhfə verib.
"Bu layihənin ümumi büdcəsi təxminən 3-4 milyon ABŞ dolları təşkil edir. Bu il və qarşıdakı illər üçün isə böyük hədəflərimiz var", - deyə o vurğulayıb.
İcraçı direktor bildirib ki, əsas məqsəd Azərbaycanda sığortanın nüfuzetmə səviyyəsini mövcud göstəricidən 3-4 dəfə artırmaq, sığorta haqlarının ÜDM-dəki payını yüksəltmək, sığorta xidmətlərinə çıxışı daha da sadələşdirmək və mövcud qorunma boşluqlarını minimuma endirməkdir.
Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər ölkədə sığorta mədəniyyətinin formalaşmasına və əhalinin maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.