Bu gün Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF 2026) keçirilir.
Oxu.Az xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankının (AMB) strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və "XPRIMM" beynəlxalq sığorta nəşrinin tərəfdaşlığı ilə baş tutur.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici sığorta bazarının iştirakçıları, beynəlxalq təşkilatların təmsilçiləri, bank və maliyyə sektoru nümayəndələri iştirak edirlər.
Forumun rəsmi açılış mərasimində ASA-nın icraçı direktoru Abbas Miskərli, AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və digər rəsmilər çıxış edəcəklər.
Forum çərçivəsində ilk gün "Özəl pensiya sisteminin gələcəyi: beynəlxalq pensiya modelləri", "Təkrarsığorta, təbii fəlakət riskləri (NatCat) və bazarın dayanıqlılığı: şokların yumşaldılması", eləcə də "Azərbaycanda sığortanın inkişafı: imkanlar, maneələr və həll yolları" mövzularında panellər təşkil olunacaq.
Tədbirin ikinci günü isə "Türk dünyası sığorta bazarı: trendlər, çağırışlar və yeni inkişaf meylləri", "Dünyada həyat və sağlamlıq sığortası: etimadın, aktuallığın və uzunmüddətli dəyərin təmin olunması", "Sığorta sahəsində peşəkar təhsil" və "Sığorta brokerliyində qlobal trendlər" mövzularında müzakirələr aparılacaq.
Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrdən ekspertlər, sığorta şirkətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış edirlər.
Tədbirin əsas məqsədi qlobal sığorta bazarlarında formalaşan yeni trendləri müzakirə etmək, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, eləcə də Azərbaycan sığorta sektorunun inkişaf perspektivlərini dəyərləndirməkdir.