Azərbaycanın 2013-cü ilin birinci yarısı üzrə tədiyyə balansına əsasən, yanvar-iyun aylarında ölkənin xalis maliyyə aktivləri 5,6 mlrd. ABŞ dolları təşkil edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (445,0 mln. dollar), portfel investisiyaları (113,2 mln. dollar) və digər investisiyalar (5 024,0 mln. dollar) hesabına formalaşıb.
Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,0 mlrd. dollar olub.
Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,0% təşkil edir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələri, əsasən “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” layihələri üzrə görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.
Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 100,6 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 523,7 mln. dollar azalıb. Xalis maliyyə öhdəlikləri birbaşa dövlət və dövlət təminatlı kreditlər hesabına 55,8 mln. dollar, digər müəssisələr və firmalar hesabına 545,2 mln. dollar azaldığı halda, banklar hesabına 77,3 mln. dollar artıb.
Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2,0 mlrd. dollar, xalis maliyyə öhdəlikləri isə 451,0 mln. dollar artıb.