2012-ci il üzrə fəaliyyəti haqqında hesabat təqdim etmiş İcbari Sığorta Bürosu ilk dəfə olaraq, Azərbaycanın fəal avtomobil parkının strukturunu açıqladı və bir sıra əfsanələrə son qoydu.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, hesabata əsasən, 2012-ci ildə Rusiyanın VAZ şirkətinin istehsalı olan maşınları idarə edən 267 min 571 sürücü mülki məsuliyyətin icbari sığortalanmasından keçib.
Onlar, fəal istismar olunan avtoparkın (692217 avtomobil) 38,65%-ni təmin ediblər. İkinci yerdə fəal avtoparkın yalnız 16,29%-ni formalaşdıran Mercedes Benz (112765) markalı avtomobillər qərarlaşıb. Üçüncü pilləni isə bazardakı payı 5,28% olan Koreya istehsalçısı Hyundai tutub – 36601 avtomobil.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, büro öz statistikasında minik və yük avtomobillərini, həmçinin avtobusları fərqləndirmir. Nəticədə, Mercedes və Hyundai-dan fərqli olaraq, minik maşınlarından başqa heç bir şey istehsal etməyən VAZ faktiki olaraq, Azərbaycanın fəal istismar olunan minik avtomobillərini parkını tək formalaşdırır. Buna əsasən, VAZ-ın ölkədə ən çox qəzaya uğrayan avtomobil olduğunu demək sadəcə əfsanədir: digərləri ilə müqayisədə VAZ markalı avtomobillərin sayı xeyli çoxdur və buna görə də, həmin avtomobillərlə törədilmiş qəzalar statistika baxımından 3-5 dəfə çox olmalıdır.
Azərbaycanın fəal avtomobil parkında dördüncü yeri QAZ (30379 maşın), beşinci Toyota (25007) tutur. Opel bu siyahıda ikinci beşliyə başçılıq edir (24505). Siyahıda yeddinci yerdə Yaponiyanın Nissan şirkəti (17712), səkkizinci yerdə Mitsubishi markalı avtomobillər (17249), doqquzuncu yerdə isə Amerika istehsalçısı Ford-a məxsus maşınlardır (15462). Liderlərin onluğunu 11913 avtomobillə alman Volkswagen-i bağlayır.
Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, ölkədə avtomobil sahiblərinin yalnız 66,7%-i öz məsuliyyətlərini sığortalayıblar.