"Mövcud bərpaolunan enerji güclərinin 1 500 meqavat həcmində şəbəkəyə inteqrasiyasına başlanılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Enerji sistemlərinin rəqəmsal arxitekturası" adlı tədbirdə deyib.
O bildirib ki, təxminən 15 meqavatlıq bərpaolunan enerji gücü də şəbəkə sisteminə inteqrasiya ediləcək:
"Bu göstəriciləri idarə etmək üçün Azərbaycanda tamamilə yeni bir texnologiya - enerji saxlama sistemi bu ilin may ayında istifadəyə verildi. Bu baxımdan, bərpaolunan enerji sahəsində regionda artıq mühüm işlər görülüb.
500 meqavat-saatlıq enerji artıq şəbəkəyə inteqrasiya olunub. Bununla belə, biz əlavə olaraq daha 250 meqavat-saat artırmağı və 2028-ci ilin sonuna qədər bu göstəricini 1000 meqavat-saata çatdırmağı planlaşdırırıq.
Elektrik enerjisinə tələbatın və bərpaolunan enerji mənbələrinin artması ilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
O əlavə edib ki, növbəti beş ildə regionda elektrik enerjisinə tələbatın təxminən 4 giqavat artacağı gözlənilir:
"Əlbəttə ki, bunun qarşılanması üçün ciddi addımlar atılmalıdır. Ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji mənbələrini birləşdirmək lazımdır. Bunu isə yalnız düzgün rəqəmsal infrastruktur və kommunikasiya platforması vasitəsilə idarə etmək mümkündür.
Dünyada ən son modellərdən biri olan və bazarda yüksək qiymətləndirilən proqram təminatı yaxın zamanda yenilənib. Bu sistem yalnız Azərbaycanın enerji şəbəkəsinin idarəolunması və monitorinqi üçün deyil, eyni zamanda, modelləşdirmə və rəqəmsal analiz baxımından da tam həll təqdim edir".