11 iyun 2014-cü il tarixdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 ili tamam olur.
Oxu.Az-a “Azərsu” ASC-dən verilən məlumata görə, bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb.
Sənədə əsasən, Abşeron yarımadasında 550 km uzunluğunda magistral, 8100 km paylayıcı su xətləri, həcmi 1 milyon 150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları, 6400 km kanalizasiya şəbəkəsi, 3400 km yağış suları şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu layihələndirilib.
900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulub, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilib.
Ötən müddətdə görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb.
2004-2014-cü illərdə “Azərsu” ASC tərəfindən regionlarda 3430 km içməli su 1225 km kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya nasos stansiyası tikilib. Nəticə etibarı ilə regionlarda fasiləsiz su alanların xüsusi çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılıb.
Qeyd edək ki, su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü ildə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.
Gülnarə Zeynalova
www.oxu.az