Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib.
Artıq 2-ci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
“Türk Şurası çərçivəsində artıq investisiya təşviqi, investisiya mühiti, investisiya statistikası və kiçik və orta sahibkarlıq sahələri üzrə Anlaşma Memorandumları, ikitərəfli qaydada isə 300-dən çox sənəd imzalanıb.
2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib.
Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub.
Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.
Ümumilikdə, Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir”, - deyə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
U.A.
www.oxu.az