Bu gün “Bank Standard” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Oxu.Az xəbər verir ki, yığıncaqda QSC-nin Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.
Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov, Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunublar. Xalid Əhədov İdarə Heyətinin sədri və Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin olunublar.
Rumiyə Məmmədova 1994-cü ildən bank sektorunda fəaliyyət göstərir və 8 dekabr 2014-cü il tarixindən “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Xalid Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir və bu təyinatından öncə “Unibank” ASC-nin baş icraçı direktoru vəzifəsində işləyib.
Səhmdarların ümumi yığıncağının növbədənkənar iclasında həmçinin 4 avqust 2016-cı il tarixindən “Bank Standard” QSC-nin sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılması qərarı alınıb. Bankın sağlamlaşdırılması proqramının icrası ilə bağlı ictimaiyyətə “Bank Standard” QSC tərəfindən ətraflı məlumat veriləcək.
Məlum olduğu kimi, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə “Bank Standard” QSC-nin sanasiyası barədə qərar qəbul edilib.
Qəbul edilmiş qərara əsasən, “Bank Standard”ın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsi ilə sağlamlaşdırılması, bu ilin avqust ayının 3-dək “Azər-Türk Bank” tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa ediləsi nəzərdə tutulub.
09:18
Avqustun 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının ”Bank Standard” KB-yə təyin etdiyi müvəqqəti inzibatçılıq başa çatır və bankın idarəetməsi yeni İdarə Heyətinə keçir.
Oxu.Az-a bu barədə Palatadan məlumat verilib.
“Məlumat verildiyi kimi, son illər “Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub.
Bunun nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Palata tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.
Bu proses çərçivəsində “Azər-Türk Bank” ASC tərəfindən “Bank Standard” KB-nin idarəedici orqanlarına yeni üzvlər təklif olunmuş və MBNP tərəfindən müsbət qiymətləndirilib.
Avqustun 2-də Palatada “Azər-Türk Bank” ASC rəhbərliyi və “Bank Standard” KB-nin təklif olunan yeni İdarə Heyət rəhbərliyi ilə görüş keçirilib və bankın gələcək inkişaf strategiyası müzakirə edilib.
MBNP rəhbərliyi “Bank Standard” KB-nınmaliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib”, - deyə Palatadan qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az