Türkmənistan qaz ixracının Avropa vektorunun realizəsi istiqamətində işini davam etdirəcək, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çərşənbə axşamı Aşqabadda deyib, Oxu.Az RİA Novosti-yə istinadən bildirir.
Aşqabada rəsmi səfərə gələn Moldova prezidenti Nikolay Timofti ilə görüşün nəticələrinə dair brifinqdə çıxış edərkən Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Rusiya, İran, Çinə qaz satır və qaz ixracatının diversifikasiyası üzərində işləyir.
Türkmənistanın dövlət rəhbərinin sözlərinə görə, hal-hazırda ölkə Çinə hər il 10 milyard kubmetr təbii qaz nəql edir və indi əlavə daha 25 milyard kubmetr qazın nəqlinə dair işlər gedir.
“Xəzər dənizi ilə məsələlərə gəldikdə isə, KİV nümayəndələrinə bəyan etmək istərdim ki, biz Avropa vektorunu heç bir zaman gündəmdən çıxarmırıq və heç bir zaman da çıxarmayacağıq. İndi biz Azərbaycan və Türkiyə ilə üçtərəfli danışıqlar aparırıq. Ümid edirəm ki, razılığa gələcəyik və bu Avropa vektorunun realizəsinə doğru atılmış addım olacaq”, - Qurbanqulu Berdiməhəmmədov bildirib.
Moldova prezidenti öz növbəsində qeyd edib ki, danışıqlar zamanı tərəflər enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayırıblar.
“Biz Xəzər dənizi regionunda Türkmənistanın iştirakı ilə energetik layihələrin realizəsi ilə əlaqədar məsələləri müzakirə etdik. Biz bu istiqamətdə iki ölkənin mütəxəssislərinin işini davam etdirməsi barədə razılığa gəlmişik”, - Moldova rəhbəri bildirib.