Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq iqtisadçılar prezidentin problemli kreditlər barədə fərmanını şərh edir
Prezident İlham Əliyevin problemli kreditlər barədə fərmanı cəmiyyətimizdə böyük sevinclə qarşılandı. Dövlət başçısının qərarı həm bank sektorunu, həm də xarici valyuta ilə kredit borcunu ödəyə bilməyən sadə vətəndaşları bu dərdən xilas etdi.
Azərbaycan Prezidentinin müvafiq fərmanını şərh edən rusiyalı iqtisadçı Vasili Koltaşev Oxu.Az-a verdiyi açıqlamada dövlət başçısının qəbul etdiyi qərarın düzgün və məqsədyönlü olduğu söyləyib.
“Vətəndaşlar kredit götürəndə, dünya bazarının belə sürprizlər əta edəcəyini və milli valyutanın bu qədər dəyərinin düşəcəyini heç kim təsəvvürünə belə gətirmirdi. İndi insanlar rahat şəkildə “nəfəs ala biləcək”.
Heç şübhəsiz, əhali bundan sonra xarici valyuta ilə yox, milli valyuta ilə kredit götürsə, daha yaxşı olar. Digər tərəfdən, dövlət kreditlərin milli valyuta ilə verilməsini təşviq etməlidir”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, problemli kreditlər üzrə yığılan borc Azərbaycan iqtisadiyyatı üçün arzuolunmaz fəsadlara yol aça bilərdi.
“Onlar bir yandan borc əlindən nəfəs ala bilməyən, alıcılıq qabiliyyətləri aşağı düşən istehlakçılara təzyiq altında qoyurdu. Digər yandan, bu kreditlər ölkənin bank sistemini iflic edirdi.
Ona görə Azərbaycan hökumətinin bu addımı həm istehlakçılar üçün, həm də ümumilikdə ölkənin bank sektoru üçün müsbətdir. Bu fərmanı Azərbaycan iqtisadiyyatının üzləşdiyi şok effektindən sonra bunu bir müalicə adlandırardım”, - deyə Koltaşev vurğulayıb.
O əlavə edib ki, neft qiymətlərinin qalxması da MDB ölkələrinin valyuta bazarlarının stabilləşməsinə öz təsirini göstərib.
“Ümumi götürdükdə, Azərbaycan iqtisadiyyatı bu gün bir neçə il öncəkindən daha yaxşı vəziyyətdədir. O dirçəlişdədir. Ancaq bu kifayət etmir. Azərbaycanda ucuz kreditləri əlçatan etmək lazımdır.
Söhbət istehlak kreditindən yox, orta və kiçik sahibkarlığa ayrılan kreditlərdən, həmçinin, ipoteka kreditindən gedir. Bank üçün əhalinin ödəmə qabiliyyətli olması vacib amildir. Ona görə bütövlükdə vəziyyətin yaxşılığa doğru dəyişilməsi üçün kompleks ölçülərə ehtiyac var”, - deyə iqtisadçı bildirib.
Sankt-Peterburq Dövlət Universitetinin iqtisad elmlər professoru Stanislav Tkaçenko indiki vəziyyətdə problemli kreditlərlə bağlı fərmanın Azərbaycan üçün vacib qərar olduğunu deyib.
“Bu, o qədər də böyük olmayan büdcə ayırmaları (bir milyard manatdan az) hesabına çoxsaylı vətəndaşlara yardım etməyə imkan verir. Bu insanlar özlərindən asılı olmayan, beynəlxalq bazarlardakı proseslərlə, iqtisadi böhran zamanı milli valyutanın devalvasiyası ilə əlaqədar çətin maddi duruma düşüblər”, - deyə analitik bildirib.
S.Tkaçenko əlavə edib ki, Azərbaycan prezidentinin fərmanı kredit borcunu vaxtında ödəyə bilməyən on minlərlə vətəndaşa borcdan qurtulmağa, biznes fəaliyyətini davam etdirməyə və ya şəxsi daşınmaz əmlakını qoruyub saxlamağa imkan verəcək.
“Bu qərar Azərbaycan iqtisadiyyatına kompleks şəkildə təsir göstərəcək. 2019-cu ildə inflyasiya səviyyəsinin indiki ilə müqayisədə, 1-2 faiz yüksələcəyini gözləmək olar. Bu isə Azərbaycan üçün tam məqbul faiz göstəricisidir. 2018-ci ildə inflyasiya səviyyəsi 4 faizdən az olub. Rusiya üçün 4 faizlik inflyasiya göstəricisi – daxili maliyyə sabitliyinin tutarlı sübutu sayılır”, - deyə o bildirib.
S.Tkaçenko əlavə edib ki, inflyasiyanın xəfifcə sürətlənməsi pis xəbər olsa da, uzunmüddətli perspektivlər baxımından Azərbaycan iqtisadiyyatı bundan qazanacaq. Belə ki, iqtisadiyyatda likvidliyin artımı labüd şəkildə iqtisadi artımı stimullaşdıracaq və əhalinin alıcılıq qabiliyyətini qaldıracaq.
“Əsas məsələ bundan milli biznes, sənaye, aqrar sahə və xidmət sektorunun yararlanmasıdır. Bu ölçü, əlbəttə ki, Azərbaycanın bank sektorunun fiziki şəxslərlə işləyən və pərakəndə kredit verilişi üzrə ixtisaslaşmış seqmentini stabilləşdirəcək.
Bu ölçünün onun artımını canlandırıb-canlandırmayacağı isə çətin sualdır. Bunun cavabı hökumət və ya parlamentin bunun üçün əlverişli şərait yarada bilib-bilməyəcəyindən asılı olacaq.
Azərbaycanda daxili tələbat artsa, canlanma davamlı olacaq, bu isə əhalinin yaşayış səviyyəsinin yüksələcəyi təqdirdə mümkün olacaq”, - deyə ekspert fikrini tamamlayıb.