Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev Yevlax şəhərində Aran iqtisadi rayonuna daxil olan Yevlax, Mingəçevir, Ucar və Ağsu rayonlarının elm və iş adamları, kiçik və orta biznes, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak edib.
Görüşdə müzakirə olunan məsələlərdən biri də biznesin yoxlanılması üzrə moratoriumun (icranın müvəqqəti dayandırılması - red.) uzadılması olub.
Yoxlamaların dayandırılması ilə bağlı müddətin artırılması qeyri-neft sektorunun inkişafına necə təsir edə bilər? Belə bir təklifin reallaşmasına ehtiyac varmı?
Oxu.Az bu məsələni yerli ekspertlər ilə araşdırıb.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib ki, bu gün biznesin yoxlanılması üzrə moratoriumun uzadılması təklif olunursa, bu addımı sadəcə alqışlamaq olar:
“Azərbaycanda sahibkarlığın inkişafı üçün biznesin yoxlanılması üzrə moratoriumun uzadılması ilə yanaşı, digər addımlar da atmaq lazımdır”.
O.Haqverdiyev qeyd edib ki, bu gün Azərbaycanda kifayət qədər nəzarətedici strukturlar var:
“Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bank hələ bu siyahıya hüquq-mühafizə orqanlarını əlavə etmirəm. Düşünürəm ki, ölkədə yoxlamaların sayı minimallaşdırılmalıdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib ki, bu gün sahibkarların müdafiəsi çox vacibdir, çünki qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarların dəstəklənməsindən asılıdır:
“Azərbaycanda yoxlamaların minimallaşdırılmasının tərəfdarıyam. Kommersiya banklarının, o cümlədən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə, ümumiyyətlə, bu gün biznesin inkişafına mane ola biləcək müdaxilələr azaldılmalıdır.
Etiraf etmək lazımdır ki, hələ də yerli icra hakimiyyəti orqanlarının biznesin inkişafına müdaxilələri olduqca çoxdur. Bu cür müdaxilələr biznesin inkişafını xeyli dərəcədə yavaşladır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin biznesin fəaliyyətinə müdaxilələrin aradan qaldırılması ilə bağlı tapşırığından sonra, onların sayında azalma var.
Vergi yoxlamaları istisna olmaqla, digər yoxlamaların dayandırılmasına ehtiyac var. Eyni zamanda, vergi yoxlamalarının da elektronlaşması məqsədəuyğundur. Bu təcrübə əksər inkişaf etmiş ölkələrdə mövcuddur. Ümumiyyətlə, Azərbaycanda bütün yoxlamalar elektronlaşdırılmalıdır.
Bu gün sahibkarların müdafiəsi çox vacibdir, çünki qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarların dəstəklənməsindən asılıdır. Ölkədə sahibkarlıq fəaliyyətinə müdaxilələr azalacaqsa, onlar hökumət tərəfindən dəstəklənəcəksə, bu zaman qeyri-neft sektorunun inkişaf etdirmək mümkün olacaq.
Ona görə də yoxlamaların müddətinin uzadılması, elektron yoxlama sisteminin tətbiq edilməsi, rayonlarda yerli icra hakimiyyəti orqanlarının biznesin fəaliyyətinə müdaxiləsi, xüsusən də qeyri-rəsmi müdaxilələri tamamilə aradan qaldırılmalıdır.
Düşünürəm ki, neftin qiymətlərinin aşağı olduğu bir dövrdə, yeni mərhələdə daha liberal sahibkarlıq mühitinin formalaşdırılmasına ehtiyac var. Bu halda, qeyri-neft sektorunda proqnozlaşdırılan artıma nail olmaq olar”.
İqtisadçı sahibkarları ayıq olmağa da dəvət edib:
“Sahibkarlar öz hüquqlarını tələb etməlidirlər. Ölkədə yalnız vergi yoxlamaları həyata keçirilə bilər. Digər yoxlamaların həyata keçirilməsi qanunvericiliklə qadağandır, çünki ölkə Prezidentinin bununla bağlı Fərmanı var”.
Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd etmişdir ki, 2015-ci ilin noyabrından indiyədək cəmi 49 yoxlama (vergi yoxlamaları istisna olmaqla) keçirilib.
Nazir bildirmişdi ki, ötən ilin müvafiq dövründə isə 33 min 336 yoxlama aparılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az