Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Oxu.Az xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.
Paytaxtda özəlləşdirilən kiçik dövlət müəssisəsi Suraxanı rayonunda yerləşən 55 saylı hamam olub. Adıçəkilən əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin obyektin ümumi faydalı sahəsi 550 kv.m-ə yaxın, torpaq sahəsi isə 1656 kv.m təşkil edir.
Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-i Xətaidə, digərləri isə müvafiq olaraq Nəsimi, Nizami və Suraxanıda yerləşir.
Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Yasamal rayonunda yerləşən, ümumi faydalı sahəsi 25,2 kv.m olan qeyri-yaşayış sahəsinin start qiyməti 6 min manat olsa da, ən son 12 min manat təklif edilib. Bundan başqa, eyni tendensiya Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da müşahidə olunub. Belə ki, sahəsi 16,6 kv.m əmlakın ilkin start qiyməti 2 min 500 manat olsa da, ən son təklif 4 min 600 manatadək yüksəlib.
Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m dir. Budəfəki hərracda özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10,7 kv.m ilə 70 kv.m arasında dəyişib.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m-ə yaxın olan qeyri-yaşayış obyektidir.
Özəlləşdirilən nəqliyyat vasitəsi isə "Kamaz" markalı avtomobildir.
L.Ə.