Nazirlər Kabineti “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərcləri və birdəfəlik kompensasiya xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə verilir.
İşçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi (50 kilometrdən çox yol qət etmək şərti ilə) ilə əlaqədar nəqliyyat, yolda olan müddət üçün gündəlik, əmlakın daşınması üçün nəqliyyat xərcləri, işçiyə və ailə üzvlərinə birdəfəlik kompensasiyalar ödənilir.
İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar ödənilən nəqliyyat xərclərinə ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləği (biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla), işçiyə yerdəyişmə və ya vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) ödənilən birdəfəlik kompensasiyaya yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləği, işçiyə miqrasiya orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) ödənilən birdəfəlik kompensasiyaya bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləği daxildir.
İşçinin ailə üzvlərinin hər birinə bütün hallarda ödənilən birdəfəlik kompensasiya işçinin bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 25 faizi məbləği daxildir.
İşçiyə 3000 kiloqramadək əmlakının daşınması üçün çəkdiyi faktiki xərc müvafiq qaydada müəyyən edilmiş tarifləri müqabilində ödənilir.
İşçiyə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə işçinin aldığı bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır.
Birdəfəlik kompensasiya işçinin onunla birlikdə yaşayan yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə), uşaqlarına və 18 yaşdan yuxarı əlil övladlarına, pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq əlil valideynlərinə ödənilir. Birdəfəlik kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.