2016-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 926 milyon 185 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,2% əməl edilib.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, Dövlət Neft Şirkəti (SOCAR) büdcə qarşısındakı vergi öhdəliklərinə 100,6% əməl etsə də, Hasilatın Pay Bölgüsü üzrə (PSA mənfəət) proqnoz tapşırığı kəsrlə, yəni 82% icra olunub.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 843 milyon 651,9 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,7% əməl edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 milyon 967,9 min manat və ya 10,5% çoxdur.
Hesabat dövründə respublika üzrə 89 min 101 vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2016-cı il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 739 min 297 olub ki, bu da 2015-ci ilin 1 oktyabr tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 12,2% çoxdur.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,7% təşkil edib.
U.A
www.oxu.az