"Noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası Günü qeyd olunur. Ölkəmizin əsas sənədi 30 il öncə - 1995-ci ilin bu günü keçirilmiş referendumda qəbul edilib. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir və dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda xüsusi rola malik olan əsas qanunumuzun qəbulunda ulu öndərin müstəsna xidmətləri olub".
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, konstitusiyanın qəbulu, həmçinin Azərbaycanda iqtisadi islahatların dərinləşməsinə və xüsusən də özəl sektorunun davamlı inkişafına təkan verib:
"Konstitusiyamızın qəbulundan keçən 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. Eyni zamanda, 1995-ci ildə adambaşına 300 dollar olan ÜDM 2025-ci ildə 7.6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, postsovet dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib".
"Konstitusiyanın qəbulunun, həmçinin mülkiyyət hüquqlarının təsnifləşdirilməsi və liberal iqtisadiyyatın dəstəklənməsi baxımından da xüsusi töhfələri oldu. Nəticədə, son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb edilib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq vətəndaşlarımızın konstitusional hüquqları bütün suveren ərazilərimizdə qorunur. Bu, Azərbaycan tarixində yeni inkişaf mərhələsidir", -deputat qeyd edib.